Ötən gün Bakıda Türkiyənin məşhur futbol komandalarından biri hesab olunan “Qalatasaray” komandası ilə Ağdam təmsilçisi olan “Qarabağ” komandası arasında yoldaşlıq oyunu baş tutdu. Matç İstanbul təmsilçisinin üstünlüyü - 2:1 hesabı ilə bitdi. Yoldaşlıq oyununda əldə olunan gəlir Türkiyədə baş verən zəlzələdə zərər çəkən insanlara yardım etmək üçün istifadə olunacaqdır. Bəs bu cür xarici və məşhur futbol komandaların Azərbaycana gəlməsi ölkəmizə və idmanımıza nə kimi töhfə verir? Başqa hansı komandaların ölkəmizə gəlməsi bizim üçün yaxşı olardı? Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirib.
Şəhər sakini Samir Quliyev: “Mən ən çox “Fənərbaxça” komandasının ölkəmizə gəlməsini istəyirəm. Təbii ki, istədiyim komanda bura gəlsə, sevə-sevə gedib stadiondan onları izləyərəm. Düşünürəm ki, bu cür oyunlar gənclər arasında futbola olan marağı daha da artırır. Həmçinin bizim idmanımız inkişaf edir.
Şəhər sakini Qüdrət Rzayev: “Fikrimcə, xarici komandaların ölkəmizə gəlməsi Azərbaycanın bütün dünyada tanınmasına səbəb olur. Həmçinin, məşhur komandaların ölkəmizə gəlməsi bizə əlavə gəlirin əldə edilməsinə kömək edir. Dünən Türkiyənin məşhur komandası olan “Qalatsaray” komandası Bakıda “Qarabağ”la birlikdə möhtəşəm oyun göstərdilər. Mən bir azarkeş olaraq belə oyunlar olduğu zaman çox qürurlanıram və sevinirəm”.
Şəhər sakini Mahir Məmmədov: “Biz son zamanlar ölkəmizdə futbolun inkişafına şahid oluruq. Əsasən də, “Qarabağ” komandası öz fəaliyyəti ilə biz azarkeşləri sevindirir. Düşünürəm ki, zamanla futbolumuz daha da inkişaf edəcək. Xarici komandaların da ölkəmizə gələrək, yerli komandalarla eyni meydanı paylaşmaları bizim üçün qürurvericidir. Bütün bunlar bizim idmanımızın, xüsusən də, futbolumuzun inkişaf etməsinə gətirib çıxarır”.
Şəhər sakini Fərid Abbaslı: “Fikrimcə, ölkəmizə xarici komandaların gəlişi futbol azarkeşlərinin sayının artmasına səbəb olacaq. Dünən də “Qalatasaray” komandasının ölkəmizə gəlişi nəticəsində Bakı Olimpiya Stadionunda minlərlə insan var idi. Bu da onu sübut edir ki, başqa Avropa komandaları da Azərbaycana gəlsə, yenidən minlərlə azərkeş onları izləməyə gedəcək. Bu da həm maddi, həm də ölkənin tanınması baxımında mühüm əhəmiyyət kəsb edir. Mən “Beşiktaş” komandasına azarkeşlik edirəm və çox istərdim ki, onlar bizim ölkəmizə gəlsinlər”.
Şəhər sakini Zeynal Mənsur: “Mən futbolla o qədər də maraqlanmıram. Həyatımda demək olar ki, çox az sayda futbol izləmişəm. Lakin onu deyə bilərəm ki, məşhur komandaların ölkəmizə gəlişi, sadəcə, qürurvericidir. Bu, bizim uğurumuz hesab oluna bilər. Fikrimcə, belə davam etsə, Azərbaycanda futbol digər idman növlərinə nisbətən çox yaxşı bir şəkildə qabağa gedəcək”.
Şəhər sakini Rəhman Qənbərov: “Məşhur xarici futbol komandalarının Azərbaycana gəlməsi bizim ölkəmizin futbolunun daha da məşhurlaşmasına səbəb olur. Bugünkü gün futbolumuz nə qədər inkişaf etsə də, bəzi çatışmayan cəhətlər var. Məhz bu səbəbdən bu cür oyunların bizim futbolçularımızın təcrübəsinin artmasına da səbəb olur. Mən məşhur komandaların, əsasən də, Braziliya, Argentina millisinin ölkəmizə gəlməsini istərdim”.