"Türkiyədə seçkilər əvvəlkilərə nisbətən gərgin keçəcək" - DEPUTAT ŞƏRH ETDİ

27 Mart 2023 16:00 (UTC+04:00)

“Bildiyiniz kimi, qardaş Türkiyədə may ayının 14-də prezident və parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, bu seçkilər əvvəlkilərlə müqayisədə daha gərgin olacaq. Bunu həm də dünyadakı vəziyyətlə əlaqələndirmək mümkündür. Bu baxımdan obrazlı olsa da, Türkiyədə baş tutacaq seçkiləri bir növ geosiyasi seçki də adlandırmaq olar. Çünki Qərb dairələri aşkar şəkildə Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğana müxalif olan cəbhəni dəstəkləməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, altılı masanın qalib gəlməsi üçün Qərb tərəfindən çox böyük resurslar səfərbər edilib: “Məqsəd ondan ibarətdir ki, Türkiyə sözəbaxan, yəni Qərbin strategiyasına, geosiyasi ambisiyalarına xidmət edən bir ölkə olsun. Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyə öz maraqlarına uyğun tam müstəqil siyasət həyata keçirməyə başladı, regionda və dünyada çox böyük təsir imkanlarına malik oldu. Onun hakimiyyətinə qədər Türkiyə istehlak etdiyi məhsulların demək olar ki hamısını kənardan alırdısa, bugünkü gündə qardaş ölkə müxtəlif təyinatlı məhsulları özü istehlak etməkdədir. Təbii ki, bunun ardınca Türkiyə dünya siyasətində öz yerini müəyyənləşdirdi”.

Deputat sözlərinə davam edərək bildirib ki, bütün bunlar Qərbi çox ciddi şəkildə narahat edir və qıcıqlandırır: “Mən hesab edirəm ki, bütün bunlara baxmayaraq Rəcəb Tayyib Ərdoğan birmənalı olaraq qələbə qazanacaq. Çünki Ərdoğanın Türkiyə üçün etdikləri ölkədə obyektiv qiymətləndirilir. Türkiyə cəmiyyətində altılı masa üzərində Qərbin böyük təsirinin olduğu haqqında da aydın təsəvvürlər mövcuddur. Türkiyə cəmiyyətinin üzvləri hesab edir ki, altılı masa seçkilərdə qalib gələrsə, o zaman Türkiyə uduzacaq. Bu o deməkdir ki, Qərb Türkiyəni altılı masa üzərindən idarə edəcək. Türkiyənin gələcəyini düşünənlər mütləq şəkildə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklər. Yekun olaraq ,mənim fikrimcə, prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan və parlament seçkilərində də Ədalət və İnkişaf Partiyası qalib gələcək”.