Qanunsuz parkovkalar: Yığılan pullar hara gedir? – KÜNCDƏN BAXIŞ

27 Mart 2023 15:53 (UTC+04:00)

Elçin Bayramlı

Əgər sizin işiniz gün ərzində Bakının müxtəlif yerlərinə baş çəkməkdən ibarətdirsə, o zaman halınız fənadır. Hər dəfə bir neçə dəqiqəlik dayananda - mağazadan su almaq, bir binadan nəsə götürmək üçün avtomobilinizi bir neçə dəqiqəlik küçədə saxlayıb qayıdanda gərək mütləq cibinizdə pulunuz olsun. Çünki hər dəfə “ərəbzəngilər” başınızın üstünü kəsdirəcəklər ki, “pul ver”. Tələb olunan pul da nə az, nə çox, düz 1 manatdır.

Şəhərin mərkəzində işləyənlərin çoxu avtomobillərini saatı 1 manatdan yeraltı qarajda saxlamağa məcburdurlar ki, bunun da aylıq xərci minimum əməkhaqqından çox edir. Belə bir vəziyyət dünyanın heç bir ölkəsində yoxdur. İnsanlar şəxsi avtomaşınlarını dayandırmaq üçün pul ödəməlidirlər. Bəs bu pullar hansı əsasla yığılır, məbləğ necə müəyyənləşir, vəsaitlər hara gedir?

İndi şəhərin az qala bütün küçələrinin kənarları zəbt edilib, pullu dayanacağa çevrilib. Bunların bir çoxunda dayanacaq pulunu qanuni fəaliyyət göstərən işçilər yığsa da, bəzilərində qoluna qırmızı lent bağlanmış, amma üzərində heç bir sənəd olmayan adamlar sürücülərdən pul yığır.

Bir çoxu qeyri-qanuni fəaliyyət göstərən dayanacaqlardır ki, bunlarda vətəndaşları aldadaraq pul yığırlar. Kimsə qoluna qırmızı lent bağlayıb gəlib yolun kənarında sürücülərdən pul yığır, heç kim də soruşmur ki, hanı sənin sənədlərin, nə əsasla pul yığırsan?

Mərkəzi küçələrdə əynində uniforma olan dayanacaq nəzarətçiləri fəaliyyət göstərir, amma sürücülərə çek vermirlər. Bu barədə soruşanda deyirlər ki, onlara çek vuran aparat təqdim edilməyib.

Şəhərin mərkəzindən aralı küçələrdə isə, qoluna qırmızı lent bağlamış adamlar sürücülərdən pul yığırlar. Əksəriyyəti konkret işlədiyi idarənin adını, pulun hara çatdığını bilmir.

Pulyığanların dediyinə görə, dayanacaqların çoxu qanuni deyil, hərəsinin öz qeyri-rəsmi sahibi var. Onlara plan qoyulur və hər axşam gəlib pulu aparırlar. Nəzarətçilər gündə təxminən 15-20 manat qazandıqlarını deyirlər.

İş o yerə gəlib ki, dayanacağın pulsuz olduğunu göstərən yol nişanının altında belə sürücülərdən pul yığılır. Məsələn, elə bizim redaksiyanın yaxınlığında - Üzeyir Hacıbəyov küçəsindəki 7 nömrəli məktəbin yanında belədir.

Hətta bir çox yerlərdə, səkilərin üstündə maşın dayanacağı açıblar ki, nəticədə piyadalar maşın yolu ilə getməli olurlar. Bu vəziyyətdən həm piyadalar, həm də sürücülər narazıdırlar. Sürücülərdən biri belə deyir: “Şəhərin hər yerini pullu dayanacaq ediblər, bəlkə mən maşınla gedirəm, pulum, ya da benzinim də qurtarıb, indi neyləyim, maşını göydə saxlayım? Öz şəhərimdə öz maşınımla gəzmək, maşınımı haradasa dayandırmaq üçün niyə kiməsə pul verməliyəm?”.

Bir sözlə, bir neçə saat müxtəlif dayanacaqlarda müşahidə aparmaq kifayətdir ki, milyonlarla pulun dövlət büdcəsinə çatmalı olduğu halda, başqa yerlərə getdiyinin şahidi olasan. Çünki heç bir çekdən, kassa aparatından söhbət belə gedə bilməz.

Azərbaycanda 1,5 milyon avtomobil qeydiyyatdadır ki, onun da yarıdan çoxu paytaxtdadır. Gün ərzində bu maşınların heç olmasa yarısının bircə dəfə duracaqda saxlanması şəraitində təxminən nə qədər pul yığıldığını aydınlaşdırmaq olar. 350 min maşın sahibinin gündə 1 manat ödədiyi halda gündəlik 350 min, ayda 10 milyon, ildə 120 milyon manat vəsait toplanır.

Nəzərə alsaq ki, gün ərzində parkovkaların sayı bundan 2 dəfə çox ola bilər, o zaman söhbətin daha iri məbləğdən gedə biləcəyi aydın olur. Yığılan vəsaitin heç olmasa yarısı yeraltı dayanacaqlar tikilməsinə sərf olunsaydı, şəhərdə tıxac probleminin həllinə xeyli kömək olardı. Lakin bu pulun azı 80 faizinin şəxsi ciblərə getməsi şəraitində bundan söhbət belə gedə bilməz.