"Qərbi Azərbaycan İcması yanvarın 16-da qəbul edilmiş Qayıdış Konsepsiyası əsasında təşkil etdiyi hərtərəfli fəaliyyətini davam etdirir. Bu fəaliyyət istər icmanın daxili (qurumun təşkilatlanması, rayon icmalarının yenidən təşkili, siyahıya alma prosesləri və s.) istərsə də beynəlxalq istiqamətə yönəlik addımlarında özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.
Onun sözlərinə görə, İcma Qərbi Azərbaycan, onun tarixi, toponimləri, tarixi-mədəni abidələrimiz barədə də araşdırmalarını davam etdirir: "İcmamız Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına göndərdiyi müraciətlərə də cavab gözləyir. Bu qurumlar insan hüquqları ilə bağlı fəaliyyət göstərirlər və yüz minlərlə azərbaycanlının təməl insan hüquqlarının təmin olunması birbaşa onların fəaliyyət istiqamətinə aiddir".