Qiymət “qəssabları”...

27 Mart 2023 12:45 (UTC+04:00)

Yəqin bu yazını oxuyan hər kəsin yolu səhər sübh o başdan ta axşama qədər marketlərdən keçib gedir. Səhərlər gözlərini ovuşdura-ovuşdura “zavod çörəyi” almaqdan başlamış, gün boyu gündəlik tələbat məhsullarına qədər hər şey üçün marketləri “ziyarət etmək”dən başqa alternativimiz də yoxdur. Yuxudan oyanan kimi hər gözünü ovxalayan evdə yeməyə bir şey tapmaq üçün axtarış aparmır, birbaşa yollanır supermarketlərə. Daha qabaqkı dövlərdə olduğu kimi, evdə nəsə bişirildiyinə əminlik də qalmayıb axı. Odur, supermarket “ağzına girir”, al ye!

İndi hamı evdə səhərlər nəsə bişirib ortaya qoymaq əvəzinə marketlərə üz tutmağa görə zəmanəni bəhanə edir. Amma unuduruq ki, zəmanə yüz illik ənənələrini, qadın evdarlığını, sağlam qidalanmaq üçün evdə biş-düş etməyi sənə qadağan etmir axı. Texnologiya, inkişaf dünəninə təpik at demir qətiyyən...

Qeybət kimi də olmasın, ta qabaqkı nənələr də qalmayıb ki, heç olmasa çörəyi evdə bişirsinlər. İndi şəhərindən başlamış rayonuna, ən ucqar kəndinə qədər hər yerdə “zavod çörəyi” yeyilir. Hətta eninə-uzununa həyət-bacası olanlar da göyəti əkməkdən, toyuq-cücə saxlayıb təmiz yumurta yığmaqdan, bir-iki heyvan saxlayıb səhər-səhər təmiz inək və camış südü içməkdən, nehrə yağı, motal pendiri dadmaqdan, yumşaq desək, “canlarını yayındırırlar”. Heç kim canına əziyyət verib əkib-becərmək, hər şeyi tər-təzə öz bostanından dərib yemək istəmir. O boyda kənddə yaşayasan, qapında bir inək olmasın ki, səhər tezdən təmiz süd sağıb içməyəsən, sapsarı inək yağı dadmayasan, ot tayasının altından kəhrəba kimi sapsarı yumurtanı qayğanaq edib canına çəkməyəsən. Bütün bu sadaladıqlarıma sahib olmadınsa, haran kəndçi oldu ki? Biz açıq şəkildə bir gözəl də etiraf edək: BİR AZ DA BELİ QIRIQ CAMAATIQ! Bir gürcü, bir erməni yarımca sot torpağın içində yüz cür meyvə tərəvəz yetişdirib ortaya qoyur, amma biz hektarlarla yararlı torpaqlarımızı neçə on illiklərdir ki, “dincə” buraxmışıq. Torpağın hər qarışından məhsuldar istifadə edə bilmirsənsə, onda deyiləsi daha heç nə qalmır..
Bakıya iş dalınca axışan kənd camaatı şəhərdəki “bərkgedən” marketlərdə satılan xərçəng qədər qorxunc olan "zavod çörəyindən" alıb yeyir, ölümcül marqarin yağlarından dadır, iyrənc və xəstəlik mənbəyi olan, iynə ilə şişirdilmiş “broyler toyuqları" ilə qidalanırlar. Aldıqları qəpik-quruş məvacibi də Bakının marketlərindəki süni, geni dəyişilmiş "məhsullara" xərcləyib baş girləyirlər.

Bu gün elə keyfiyyətsiz malları imkansız əhaliyə qanı-qiyamətinə satan, xalqın cibinə "od qoyan" marketlər barədə sizinlə dərdləşəcəm. İlk ondan başlayaq ki, kasıb təbəqənin cibinə yarayan qabaqkı dükanlar, xırda alver məkanları olmadığı üçün əsas gündəlik məhsullar bu gün qiymət "qəssabına" çevrilən super marketlərdə cəmləşib. Belə götürəndə hazırda bu supermarketmi deyək, hipermarketmi deyək, bunlar rəqabətsiz işləyirlər. Yəni "canın çıxsın, hara çevrilsən də, sonda yolun buradan düşəcək" prinsipi ortadadır. Kasıb əhalinin alternativ alver məkanları qıfıllandığı üçün heç nədən qorxusu-hürküsü olmayan bu marketlərdə keyfiyyətsiz, yararsız məhsullar tonlarladır. Keyfiyyət nişanı, real istehsal tarixi olmayan tonlarla qida məhsulları!

Üstündəki istehsal tarixləri bir barmaq sürtməsi ilə silinən, qiymət kodları hər gecə dəyişdirilən, qəpiklər piano notları kimi sıra dəyişən marketlər. Xüsusilə, xaricdə istehsal olunduğu İDDİA edilən, amma əslində, Bakıdakı sexlərdə marqarindən hazırlanan “bahalı yağ məhsulları”, un, şəkər tozu, sözün əsl mənasında, ÖLÜM SAÇIR!!!

Marketlərin qiymət soyqırımı barədə ən dəhşətli fakt: hər həftə ancaq gecələr ən zəruri qidalarda qiymətlər 15-20-50 qəpik arası artırılır. Məsələn, yağın bir kiloqramı bu gün 18 manat 75 qəpikdirsə, iki gündən sonra olur 18 manat 99 qəpik. Daha dörd gün sonra 19 manat 45 qəpiyə dönür. Bir həftə deyinirsən bu mənzərəyə, gələn həftə əsl ŞOK olursan: həmən 19 manat 45 qəpiklik yağ olub endirimlə 17 manata. Özü də böyük hərflərlə "ENDİRİM" yazılıb. Səbəbi nədir bu "Səxavətin"??? Təbii ki, vaxtı keçmiş yağdır, pulsuz çölə atınca ucuz qiymətə rəfə qoyulub satılsın ki, qoy kasıbın da mədəsi “bahalı yağla" gec də olsa tanış olsun. Un da elə, qənd də, makaron da elə. Hələ mən bu boyda həngamədən sonra gəlib kassada daha bir qiymət soyqırımı barədə demirəm. Rəflərdə bir qiymət, kassada vurulanda bir başqa qiymət peyda olur. Hay-həşir salmasan, səs-küy yaratmasan eləcə də əlavə qiyməti “yükləyirlər belinə.” Ən sonda da məzəfason bir “üzrxahlıq”, vəssalam!

Marketlərdəki soyğunçuluğa daha bir sübut: salafan torbalar ekologiyaya, sağlamlığa ziyandır deyirlər. Xub! Bəs bunu yığışdırmaq istəyirsənsə, nədən bu vaxta kimi səndən alış-veriş edənlərə havayı payladığın salafan torbaları bu gün 3-5 qəpikdən müştəriyə satırsan? Ekologiyanı, insan sağlamlığını vətəndaşın ciblərini "sağmaqlamı" qoruyursan? Bu əsl soyğunçuluq üsulu deyilmi? Özü də əsl küstar üsulla edilən SOYĞUNÇULUQ! Sizi fırıldaqçılar, sizi...

Bəs nədən bütün bu faktlar hər gün hər yerdə açıq-aşkar əhalinin cibinə “girir”, amma nəzarət və cəza mexanizmi yoxdur? Nədən qiymət oyunlarına SON deyən təşkilat gözə görünmür? Cavabı mən də bilmirəm. Yəqin cavab heç vaxt olmayacaq, ona görə...

Mətləb Salahov