“Ermənistan tərəfinin həyata keçirdiyi qanunsuz əməllərin hər biri sülh müqaviləsinin müddətini uzatmaq, üzərlərinə götürdükləri öhdəlikləri icra etməməyə yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli bildirib.

Hərbi-ekspert qeyd edib ki, bütün bunlar beynəlxalq ictimaiyyətin münaqişənin həll olunmaması ilə bağlı Qarabağdakı ermənilərin etdiyi manevrləridir: “Ermənistan hökuməti müharibə 10 noyabr 2020-ci ildən sonra 3 əsas istiqamət üzrə öhdəliyinə götürdü. Bəyanatın 4-cü bəndində qeyd olunan erməni silahlı birləşmələri çıxarılmalı, Zəngəzur yolu açılmalı, sərhədlərin delimitasiyası prosesi həyata keçirilməli idi. Bu müddət ərzində isə bunların heç biri yerinə yetirilmədi. Mövcud vəziyyət proseslərin getdikcə gərginləşəcəyindən xəbər verir. Ermənistan tərəfinin sülhə hazır olmadığı bəllidir. Hesab edirəm ki, Qarabağda strateji mövqelər Azərbaycan ordusunun nəzarətində olduqca müəyyən nəticəni əldə edə bilərik. Bu gün əsas məsələ Qarabağa Xankəndi istiqamətindən gedən yollara nəzarəti həyata keçirməkdir. Azərbaycan doğru olaraq bu addımı atdı və biz mövqelərimizi hər keçən gün daha da qüvvətləndiririk. Hesab edirəm ki, qarşıdan gələn zamanda da ermənilər bu məsələ barədə öz etirazlarını bildirəcəklər lakin Azərbaycan siyasi iradəsini davam etdirməli, Qarabağdakı ermənilərin silahlanmasının qarşısı alınmalıdır”.