Ərəb Dövlətləri Liqasının növbəti sammiti harada keçiriləcək?

27 Mart 2023 01:10 (UTC+04:00)

Ərəb Dövlətləri Liqasının (ƏDL) növbəti sammiti Səudiyyə Ərəbistanında keçiriləcək. SİA xəbər verir ki, bu barədə təşkilatın baş katibinin köməkçisi Husam Zəki məlumat verib.

“Ərəb Liqasının 32-ci sammitinin mayın 19-da Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilir. Tarix Ərəb Liqasının baş katibi Əhməd Əbul-Qeytlə sammitin həmin gün keçirilməsinə razılıq verən krallıq hökuməti arasında məsləhətləşmələrdən sonra müəyyən edilib", - deyə Husam Zəki bildirib. O qeyd edib ki, sammitdən əvvəl nazirlər səviyyəsində bir neçə hazırlıq iclası keçiriləcək.

Bundan əvvəl Krallığın Xarici İşlər Nazirliyi Ər-Riyadın sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirsə də, dəqiq tarix məlum deyildi.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqasının əvvəlki sammiti ötən ilin noyabrında Əlcəzairdə keçirilib.