İsraildə kütləvi etirazlar başlanıb

27 Mart 2023 01:07 (UTC+04:00)

Martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanında sonra başlayan kortəbii etiraz aksiyası artıq 58 min insanı toplayıb. SİA xəbər verir ki, bu qiymətləndirməni hadisə yerindən canlı yayım aparan “Kan 11” dövlət telekanlı verib.

Televiziyanın məlumatına görə, etirazçılar şəhərin şərqindəki ən böyük magistral olan Ayalon şossesində nəqliyyatın hərəkətini tamamilə bağlayıblar. Onlar yolda əlaltı materiallarından od yandıraraq dağılışmaqdan imtina ediblər. Polis hələ ki ciddi müdaxilə etməyib. Hadisə yerinə getdikcə daha çox nümayişçi qrupları gəlməkdə davam edir.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, eyni zamanda Qüdsdə etirazçılar Baş nazir Binyamin Netanyahunun iqamətgahına gəliblər. Nümayişçilər polis hasarlarından birini aşmağı bacarıblar və hökumət başçısının evinə 20 metr məsafədən yaxınlaşıblar. Nəşrin məlumatına görə, polis kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə başlayıb.