Buna cavab olaraq yeni sanksiyalar tətbiq ediləcək?

26 Mart 2023 23:28 (UTC+04:00)

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarını ciddi qəbul etməyib və bunu “nüvə qorxusu” adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar günü, martın 26-da “Die Welt” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın bu cür planları barədə mənfi danışıb və Belarusun daim ölkə ərazisində nüvə silahının olmadığını iddia etdiyinə diqqət çəkib.

Həmçinin, Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın nüvə silahlarının NATO-nun nüvəsiz statusuna malik ölkələrində yerləşdirilməsi ilə müqayisəsi alman diplomatlarının xoşuna gəlməyib.

“Prezident Putinin NATO-da nüvə silahından birgə istifadə ilə müqayisəsi aldadıcıdır və Rusiyanın açıqladığı addıma haqq qazandıra bilməz”.

Qeyd edək ki, bunu Almaniya Xarici İşlər Nazirliyi bildirib.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı Xarici İşlər Xidmətinin rəhbəri Josep Borrell, Avropa İttifaqının Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə cavab olaraq Minsk və Moskvaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini bəyan etmişdi.

Ağasəf Babayev