“Pensiya islahatı islahatın pensiyası olmayacaq”

26 Mart 2023 18:36 (UTC+04:00)

Fransanın bir çox şəhərində tətillər, kütləvi etirazlar və zorakılıqlara baxmayaraq, hökumətin mübahisəli pensiya islahatını geri götürməyəcəyi bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, hökumət sözçüsü Olivier Veran etirazlara səbəb olsa da, islahatdan geri çəkilməyəcəklərini açıqlayaraq deyib: “Biz zorakılığın ədalətli və ya dözülə bilən reaksiya olması fikrinin bərqərar olmasına icazə verə bilmərik. İcra hakimiyyəti yenidən təşkil edəcəyi yol xəritəsi ilə yoluna davam edəcək. Pensiya islahatı islahatın pensiyası vəziyyətinə düşməyəcək.

Fransada gələcəkdə də başqa istənilməyən islahatlar ola bilər, amma qanuni parlamentin demokratik şəkildə təsdiqləyəcəyi islahatlar ölkənin gələcəyi üçün lazımdır”.

Qeyd edək ki, Fransada hökumətin pensiya yaşını 62-dən 64-ə qaldıran qanun layihəsini səsverməyə qoymadan parlamentdən keçirməsindən sonra martın 16-dan başlayan nümayişlər davam edir. Ölkənin bir çox yerində nümayişlərə şiddətlə müdaxilə edən polislə nümayişçilər arasında zorakılıq hadisələri yaşanır. Martın 25-dəki nümayişlərdə 457 nəfər saxlanılıb.