Türkiyə Danimarkadakı hücumları qınayır

26 Mart 2023 18:02 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Danimarkada Quran və Türkiyə bayrağına edilən hücumu pisləyib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, mövzu ilə bağlı nazirliyin sosial media hesabından verilən açıqlamada yazılır: "Danimarkada müqəddəs kitabımız Qurani-Kərimi və şanlı bayrağımızı hədəf alan alçaq, vəhşi və iyrənc hücumu millətimiz və xalqımız adından pisləyirik.

Bəşəriyyətin ortaq müqəddəs dəyərlərinə hücuma Danimarkanın “ifadə azadlığı” deyərək icazə verməsi nifrət cinayətinə ortaq olması deməkdir. Bu, insanlığa qarşı bir cinayətdir.

NATO üzvü olan və bu terror aktına icazə verən Danimarkanın məsuliyyətsiz münasibəti həm müttəfiqlik ruhuna, həm də universallığa ziddir. Bu yanlış münasibət öz xalqının sülh mühitinə zərər verəcək. Danimarka səhvdən dərhal dönməli, mədəni ölkələri örnək götürməli və bu nifrət cinayətini törədənləri dərhal cavablandırmalıdır."

Türkiyənin vitse-prezidenti Fuad Oqtay, parlament sədri Mustafa Şentop və digər rəsmilləri də martın 25-də Danimarkada Quran və Türkiyə bayrağına qarşı edilən hücumu pisləyib, bu hərəkətlərə icazə verən Danimarka səlahiyyətlilərini qınayıb və məsuliyyət daşıyanlara qarşı ən qısa zamanda tədbir görməyə çağırıblar.