Ukraynalılar Artemovskda hər gün 100-200 hərbçi itirir?.

26 Mart 2023 17:52 (UTC+04:00)

Artemovsk (Baxmut) uğrunda gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri hər gün təxminən 100-200 hərbçi itirir.

Rus saytlarının yazdığına görə, bu barədə bazar günü, martın 26-da “The Sunday Times” məlumat yayıb.

Ruslar, ingilis nəşrinə istinadən, Ukrayna Silahlı Qüvvələrinin Artemovsk (Baxmut) yaxınlığındakı belə böyük itkiləri nəzərə alaraq, Kiyev rəhbərliyini şəhəri tərk etməyə məcbur edə biləcəklərini iddia edirlər

Guya ekspertlər hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələri üçün bu vəziyyətdə ən optimal həll yolu Slavyansk və Kramatorskda hazırlanmış mövqelərə çəkilmək olardı.

Qeyd edək ki, SİA-nın da əldə etdiyi məlumata görə, Donbassın bu şəhərlərində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu cilovlamaq üçün çoxdan yaxşı möhkəmləndirilmiş mövqelər hazırlayıblar.

Onu da bildirək ki, bir müddət bundan əvvəl “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin Artemovsk (Baxmut) yaxınlığında şəhərin müdafiəsinin hər ayı üçün itkiləri təxminən 11 min nəfər təşkil etdiyini demişdi.

Priqojin, bunların yaralılar və məhbusları saymasaq, yalnız ölülər olduğunu bildirmişdi.

Yadımdaykən, deyim ki, bir müddət bundan əvvəl rus saytları Priqojinin artıq Rusiya türmələrinə buraxılmadığı barədə yazmışdılar.

Yəni deyirsiniz, rus türmələrində artıq döyüşə yararlı məhbus qalmayıb?

Ağasəf Babayev