Türkiyə 26 iranlı məhbusu ekstradisiya edib

26 Mart 2023 16:33 (UTC+04:00)

Türkiyə İran vətəndaşı olan 26 məhbusu ölkələrinə ekstradisiya edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bazar günü İranın Qərbi Azərbaycan əyalətinin məhkəmə hakimiyyətinin başçısına istinadən “Tasnim” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, məhkum edilmiş vətəndaşların köçürülməsi prosesi İran-Türkiyə sərhədində, Bazarqan keçid məntəqəsi ərazisində (İranın şimal-qərbində) baş verib.

Ekstradisiya edilən 26 məhbusun hamısı lazımi hüquqi prosedurlar tamamlandıqdan sonra Bazarqan şəhər həbsxanasına köçürüləcək. Agentlik bu İran vətəndaşlarının Türkiyədə hansı ittihamlarla mühakimə olunduqları barədə ətraflı məlumat verməyib.