"Biz bu planı dəstəkləyəcəyik” - Prezidentin sözçüsü

26 Mart 2023 01:42 (UTC+04:00)

Çinin Rusiya-Ukrayna müharibəsinin həlli təşəbbüsü diqqətlə nəzərdən keçirilməlidir. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ankara “danışıqlar üçün zəmin” yaradarsa, planı dəstəkləməyə hazırdır. Sözçü bildirib ki, Qərb ölkələrinin sanksiya siyasəti Rusiya Federasiyasını Çinlə əlaqələri gücləndirməyə sövq edib.

“Mən başa düşdüyüm və gördüyüm qədər, cənab Si (Çin Xalq Respublikasının lideri - red. ) Zelenski (Ukrayna prezidenti. - red. ) ilə danışıqlar aparacaq və aktual məsələləri müzakirə edəcək . Əgər danışıqlar üçün zəmin yaranarsa, biz bu planı dəstəkləyəcəyik”, - deyə Kalın bildirib.

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Çinin təqdim etdiyi 12 maddəlik plan “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.