Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək

25 Mart 2023 22:07 (UTC+04:00)

Moskva və Minsk Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi barədə razılığa gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, anbarın tikintisi iyulun 1-də başa çatacaq.

Eyni zamanda, Putin START çərçivəsində öhdəlikləri pozmadan silah yerləşdirəcəklərini vurğulayıb. Prezident belə bir addımın səbəbini Böyük Britaniyanın Ukraynaya tükənmiş uranla döyüş sursatının tədarükü ilə bağlı açıqlaması ilə izah edib.

Üstəlik, Putin əlavə edib ki, Minsk uzun müddətdir ki, Rusiyanın nüvə silahlarına ev sahibliyi etməyi xahiş edir.

Putin qeyd edib ki, tükənmiş uran sursatları kütləvi qırğın silahı kimi təsnif edilməsə də, bəzi radiasiya tozları yaradır və buna görə də çox təhlükəli sayılır.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Böyük Britaniya Ukraynaya verdiyi döyüş sursatının nüvə silahı və ya imkanları ilə heç bir əlaqəsi olmayan standart komponent olduğunu bildirmişdi.

Ağasəf Babayev