“Azərbaycan ordusu təxribatların qarşısını almağa qətiyyətlə hazırdır” - SİYASİ ŞƏRHÇİ DANIŞDI

25 Mart 2023 20:03 (UTC+04:00)

“Son günlər Ermənistan-Azərbaycan şərti sərhədlərində və Azərbaycanın suveren ərazisi olan Qarabağda yerləşən qanunsuz erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulması Ermənistanın növbəti təxribatıdır. Bu təxribat birbaşa olaraq sülh danışıqlarının pozulmasına və Azərbaycanla münasibətlərin normallaşmasına qarşı yönəlmiş hadisədir. Ermənistanın bundan öncə də dəfələrlə Azərbaycan ərazilərinə qarşı hərbi təxribatlar törədib və proses bu gün də davam edir”.

Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib. Onun sözlərinə görə, təəssüf ki, dünya ictimaiyyəti bu prosesləri seyr edir, amma heç bir bəyanat və ya Ermənistanı qınayan hər hansı bir açıqlama verildiyini görməmişik: “Azərbaycanın Laçın rayonu ərazisindən keçən və Xankəndiyə doğru irəliləyən yolun guya bağlanması ilə bağlı Azərbaycana qarşı dəfələrlə beynəlxalq ictimaiyyət və qurumlar tərəfindən ədalətsiz bəyanatlar səsləndirilib. Lakin Azərbaycan tərəfi dəfələrlə bu yolun açıq olduğunu bildirib, oldan istənilən nəqliyyat vasitələri heç bir maniəyə rast gəlmədən hərəkət edir.
Ermənistanın hərbi təxribatları Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Yəni Rusiya sülhməramlıları ərazidə sülhün və təhlükəsizliyin qorunması missiyasını üzərinə götürüb. Lakin Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə Ermənistan silahlı qüvvələrinin qanunsuz silah daşımaları kimi hallar təəssüf doğurur. Bütün bunlar isə bölgədə yeni münaqişə ocağının yaranmasına gətirib çıxarır. Ümumilikdə baş verən hadisələr Ermənistanın bölgədə yeni münaqişə ocağı yaratmağa çalışdığını deməyə əsas verir. Azərbaycan ordusu isə baş verə biləcək təxribatların qarşısını almağa qətiyyətlə hazırdır”.