"Tarix boyu ən böyük qəddarlığı, insanlığa yaraşmayan hərəkətləri ermənilərdən görmüşük. Tarixdə az təsadüf olunan hadisələrdəndir ki, biz ermənilərə yaşamaq üçün yurd verdik. Amma onlar bunun müqabilində bizə sağol deməkdənsə, bizi tarixi torpaqlarımızdan çıxarmaq üçün yer adlarınıı dəyişmək üçün dünyanın ən hiyləgər üsullarına əl atdılar və çox zaman da istəklərinə nail oldular. Çünki onları müdafiə edənlər güclü idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, həmin qüvvələrin türk-müsəlman əhalisinə düşmənçiliyi var idi: "Ona görə də ermənilər Azərbaycanın tarixi torpaqlarında məskunlaşarkən Çar Rusiyası, Qərb dövlətləri hər cür şərait yaratdılar. Halbuki XV əsrdən XIX əsrə qədər tarixi Azərbaycan torpaqlarının türk-müsəlman əhalisinə aid olması ilə bağlı yüzlərlə sənəd var. Bu sənədlərin müəllifləri avropalılardır. Bu gün avropalılar o sənədlərdən imtina edir. Zavallı Ermənistan üçün ədalət axtarırlar. Həmçinin, Qərb dövlətləri də ikiüzlüdür.
Ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistan öz dövlət müstəqilliyini elan etdi. Ancaq bu müstəqilliyin şirinliyini dada bilmədi. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və onları müdafiə edən Qərb dövlətləri əliyalın Azərbaycan xalqına qarşı hər cür soyqırımı həyata keçirdilər. Son nəticədə 1 milyon azərbaycanlı qaçqın və köçkün həyatı yaşamağa məcbur edildi. Qərbi Azərbaycan deyilən ərazimizdə bütün azərbaycanlılar ən ağır işgəncələri dadmaqla öz yurdlarından çıxarıldı. Torpaqlarımızın 20%-i işğal olundu. Ədalət gözlədiyimiz Qərb dövlətləri, BMT və BMT TŞ öz işini yarımçıq sənədlər qəbul etməklə bitirdi. Amma illər keçdikcə ATƏT-in Minsk Qrupu yaradıldı. Bu qrupa az qala belə bir tapşırıq verilmişdi ki, yüz illər boyu bu məsələ uzansın və son nəticədə tarixdən silinsin. Amma Ümummilli Lider Heydər Əliyev və onun davamçısı İlham Əliyevin gərgin siyasəti nəticəsində Qarabağ problemibi ədalətli şəkildə həll etmək üçün Azərbaycan özündə güc tapdı".
Deputat sözlərinə davam edərək bildirib ki, 44 günlük müharibə ilə Azərbaycan öz torpaqlarına sahib durdu: "Azərbaycanın ekofəalları ermənilərin torpaqlarımızda törətdiklərinə etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunda gələn və gedən maşınları yoxlamağa başladılar. Bu dünyada bir qıcıq yaratdı. Guya Azərbaycan ermənilərə qarşı embarqo tətbiq edib, gediş-gəlişə mane olur. Əslində, Qərb də bunu yaxşı bilir ki, bu ərazilər Azərbaycan torpaqlarıdırsa, ermənilər niyə pozuculuq işləri ilə məşğul olmalıdır? Onlar Azərbaycan qanunlarına niyə tabe olmamalıdır? Çox təəssüflər olsun ki, ekofəalların bu haqlı etirazını dinləməkdənsə, ermənilər bizim ərazimizdəki rus sülhməramlılarının iştirakı ilə əsas yoldan kənar yollar vasitəsilə bu əraziyə silah-sursat gətirdi. Ona görə də Azərbaycan tərəfinin öz ərazi bütövlüyünü təmin etmək üçün hər şeyi etməyə haqqı var. Erməni bu ərazidə yaşayırsa, Azərbaycan vətəndaşıdır və bu dövlətin qanunlarına tabe olmalıdır. Əgər razı deyilsə, onda bu torpaqlardan getməlidir. Ermənistan cinayət törədəcəksə, onun cəzasını da ödəməlidir. Ermənilərin son günlərdə Azərbaycan qarşı olan pozuculuq fəaliyyəti Müdafiə Nazirliyi tərəfindən izlənir və adekvat tədbir kimi təxribatların qarşısını almaq üçün müvafiq nəzarət tədbirləri həyata keçirir".