Yeni Zelandiyanın XİN rəhbəri Çinə səfər edib

25 Mart 2023 19:35 (UTC+04:00)

Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta Çinə etdiyi səfər zamanı həmkarı Çin Qanq ilə görüşüb.
Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər ikitərəfli əlaqələr və regional məsələləri müzakirə ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, görüş zamanı keçən il Çin və Yeni Zelandiya arasında diplomatik münasibətlərin qurulmasının 50-ci ildönümünü qeyd etdiklərini xatırladan Çin Qanq ikitərəfli münasibətlərin keçən dövr ərzində davamlı şəkildə inkişaf etdiyini və müxtəlif mədəniyyətlərə, sosial əlaqələrə malik ölkələr arasında əlaqələrə nümunə olduğunu bildirib.
Ç.Qanq Çin və Yeni Zelandiyanın hərtərəfli strateji tərəfdaşlığı davam etdirmək üçün birlikdə işləməsinin vacibliyini vurğulayıb.
Nanaia Mahuta isə öz növbəsində Asiya və Sakit Okean regionunda sülh və sabitliyin qorunmasının əhəmiyyətini qeyd edib.