Əl-Əzhər təşkilatı “Vahid İbrahim dini” təşəbbüsünü rədd edib

25 Mart 2023 19:17 (UTC+04:00)

Dünyanın aparıcı sünni İslam qurumu olan Misirin Əl-Əzhər təşkilatı üç ilahi dinin - yəhudilik, xristianlıq və İslamın "Vahid İbrahim dini" çətiri altında birləşdirilməsi çağırışlarını qəti şəkildə rədd etdiyini, lakin dinlər arasında əməkdaşlığının təşviq edilməsində maraqlı olduğunu bəyan edib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Əl-Əzhər İslam Araşdırmaları Akademiyasının Baş katibliyinin yaydığı bəyanatda deyilir: “Bir-birinin ardınca məscid, kilsə və sinaqoq tikintisi ilə əlaqəli olan “Vahid İbrahim dini” təşəbbüsü altında üç dini birləşdirən yeni doktrinalı qurumun yaradılması çağırışları dinlər arasında əməkdaşlıq və münaqişələrin səbəblərini aradan qaldırmaq baxımından həm din, həm də cəmiyyət üçün təhlükəlidir”.

Bəyanatda əlavə edilib ki, dinlərin birliyi ideyası və ya “İbrahim dini” təşəbbüsü daha əvvəl də gündəmə gətirilib və Əl-Əzhər bunun əleyhinə çıxış edib. Təşkilat bu ideyanın insanların təbiətinə, rəng, irq fərqliliyinə və inanc azadlığına əsaslanan instinkti ilə ziddiyyət təşkil etdiyini bildirib.

Bəyanatda qeyd olunub ki, bu təşəbbüs səmavi dinlərin mənşəyi və onun qolları ilə ziddiyyət təşkil edir, eyni zamanda, Qurani-Kərimdə və Peyğəmbərin əzəmətli sünnəsində deyilənlərə tamamilə ziddir. “Akademiya bildirir ki, inanclar və dinlər arasındakı fərq Allahın insanlara bəxş etdiyi universalizm və təbii instinktdir. Əqidə seçmək azadlığı insanların başqa dinlərə mənsub olanlarla ünsiyyətinə və ya salehlik və təqvada əməkdaşlıq etməsinə mane olmur, çünki onlar ilahi əqidə sahibləridir və İslamın tələb etdiyi kimi, bütün insanlara ədalət və qarşılıqlı hörmət əsasında davranırlar”, -deyə bəyanatda vurğulanıb.

Əl-Əzhər Akademiyası bəyan edib ki, bu cür ideyalarla çağırış edənlər şəxsi ambisiyalardan çıxış edirlər. Bəyanatda vurğulanır ki, “Allah öz dinini bəşəriyyətə nə siyasi məqsədlərə çatmaq üçün bir vasitə, nə də davranış və əxlaqi sapmalara alət olması üçün nazil etməyib”.

2021-ci ilin noyabrında Əl-Əzhər Böyük imamı Şeyx Əhməd Əl-Tayyib bu cür çağırışları rədd edərək, onların müəyyən siyasi gündəmlərə xidmət etməsi barədə xəbərdarlıq edib. 2022-ci ilin yanvarında Misir Qibti Pravoslav Kilsəsinin rəhbəri Papa II Tavadros da bu fikirləri rədd edərək, "İbrahim dini çağırışlarının hər üç monoteist dinə zidd olan və qəti şəkildə qəbuledilməz siyasi ideya olduğunu" söyləyib.