“Yarımçıq qalmış bütün məsələlər qısa zaman kəsiyində həll ediləcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

25 Mart 2023 19:30 (UTC+04:00)

”Beynəlxalq vasitəçilərin səyləri nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalının son dərəcə yüksək olduğu bir vaxtda Ermənistan ənənəvi metodundan istifadə edərək prosesi pozmaq üçün siyasi və hərbi təxribatlara əl atır. Belə ki, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yalan informasiyalar yayaraq Laçın –Xankəndi yolunun bağlı olması ilə bağlı saxta xəbərlər yayayaraq torpaq yollardan qeyri-qanuni yollarla silah-sursat və hərbi qüvvələr daşınır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonunda qaçaqmalların daşınması üçün yeni torpaq yollarının tikintisi istiqamətində işlər davam etdirilir: “O cümlədən səngərlər qazılır və mühəndis-istehkam qurğularının yaradılmasına çalışır. Həm də Azərbaycan dövlət sərhədində mütəmadi təxribatlara əl atır”.

Deputat sözlərinə belə davam edib: “Hesab edirəm ki, Ermənistan bu hərəkətləri ona havadarlıq edənlərə arxalanaraq həyata keçirir. Amma Ermənistanın hərbi siyasi rəhbərliyi yaddan çıxartmamalıdır ki, onu oda atanlar heç də onların yaxşılığını istəmirlər. Onların məqsədləri Cənubi Qafqazda sabitliyin pozulması və öz maraqlarına nail olunmasıdır. Əlbəttə ki, Azərbaycanın Müzəffər Ordusu düşmənin bütün təxribatlarının və qanunsuz cəhdlərinin qarşısının alınması istiqamətində tədbirlər görür. Ordumuz ölkəmizin suverən ərazilərinin bütünlüyünü göz bəbəyi kimi qoruyur və heç bir dairəyə yenidən suverən ərazilərimizə müdaxiləyə imkan verilməyəcəkdir. Azərbaycan hələ ki beynəlxalq sülh yaratmaq istəyən tərəflərinin təşəbbüslərinə sadiqliyini nümayiş etdirir. Əgər Ermənistan bu təşəbbüslərdən boyun qaçıraraq yenidən eskalasiya riski yaradarsa cavabımız çox sərt olacaq və yeni müharibə başlanarsa, yarımçıq qalmış bütün məsələlər qısa zaman kəsiyində həll ediləcəkdir”.

Ayşən Vəli