Azərbaycan Ordusu zəruri nəzarət tədbirləri həyata keçirib

25 Mart 2023 17:17 (UTC+04:00)

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.