Aksiyanın müddətinin uzanması ekofəalları ruhdan salmır

23 Mart 2023 23:44 (UTC+04:00)

Ekoloji terrora son qoyulsun: ekofəallar tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklər

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. Davam edən haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Etirazçılar indiyədək olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Bu gün Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillər Laçın-Xankəndi yolundan maneəsiz keçiblər. Həmin nəqliyyat vasitələrinin arasında təminat-təchizat, tibbi yardım və minik avtomobilləri olub.

Qeyd edək ki, aksiya ərazisində humanitar məqsədlərlə istifadə olunan avtomobillərin sərbəst hərəkəti təmin olunur. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur.

Gün ərzində hava az buludlu keçib, günorta isə Şuşada temperatur yüksəlib.

Ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdirirlər.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.