İranın Azərbaycana qarşı aqressiyası

23 Mart 2023 20:07 (UTC+04:00)

İranın daxilindəki ictimai-siyasi vəziyyət gərginləşdikcə rəsmi Tehranın qonşularına, xüsusilə Azərbaycana qarşı aqressiyası da artır. Əslində, bu, köhnə siyasi texnologiyadır və heç də təəccüblü deyil. Məsələ burasındadır ki, artıq 8-ci aydır İranda kütləvi aksiyalar və xalqın itaətsizliyi davam edir. Kütləvi aksiyaların səbəbini öyrənib problemləri aradan qaldırmaq əvəzinə, İran hakimiyyəti xarici dövlətləri ittiham etməyi özü üçün asan yol seçib.

Novruz bayramı münasibətilə xalqa müraciətində istər İranın Ali Lideri Əli Xamneyi, istərsə də Prezident İbrahim Rəisi iqtisadi inkişafdan, beynəlxalq uğurlardan danışdılar ki, bu da nəinki reallığı əks etdirmir, əksinə, yalan təbliğatı artırır. Bu müraciətləri izləyənlər açıq-aydın şəkildə başa düşürlər ki, hakimiyyət xalqı, sözün əsl mənasında, ələ salıb oynadır. İllik inflyasiyanın 93 faiz təşkil etdiyi bir ölkədə hansı inkişafdan və ya əhalinin sosial vəziyyətinin yaxşılaşmasından danışmaq olar?! Hakimiyyətin özü də başa düşür ki, artıq bu yalanlarla xalqı doyuzdurmaq olmur və yeni üsul tapıb diqqəti problemlərdən yayındırmaq lazımdır. Yalançı vətənpərvərlik notları üzərində qonşu dövlətə, konkret olaraq Azərbaycana qarşı aqressiya nümayiş etdirmək və Ermənistan ilə dostluğu dərinləşdirməklə rəsmi Tehran iki məqsəd güdür. Birinci və ən başlıca məqsəd diqqəti daxildə həlli çox çətin olan iqtisadi problemlərdən xaricə yönəltməkdir. İkincisi isə Azərbaycanın getdikcə artan gücünün qarşısını almaq, onu zəiflətmək və perspektivdə onu işğal etməkdir. Fars şovinistlərinin həmişə belə istəkləri olub. Bu məqsədlərinə nail olmaq üçün İran Azərbaycanın mehriban qonşuluq və dostluq siyasətindən sui-istifadə edərək diplomatik missiya adı altında Bakının bəzi yerlərində, sözün həqiqi mənasında, şeytan yuvaları yaratmışdı. Bakıda İranın “Mədəniyyət Mərkəzi” adı altında fəaliyyət göstərən bu məkanlara gəncləri toplayıb onların beyinlərini yumağa cəhd göstərilirdi.

Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazandıqdan sonra İran aqressiyanı daha da artırmağa və Ermənistanla yaxınlaşmağa başladı. İran dünya müsəlmanlarının hamisi kimi çıxış etsə də, heç bir müsəlman ölkəsi ilə normal münasibətlər qurmaq fikrində deyil. Diqqət yetirsək görərik ki, bu gün İranın yaxın münasibətləri olan dövlətlərin - Çinin, Rusiyanın, Ermənistanın heç biri müsəlman deyil. İslam dininə etiqad edib qeyri-müsəlmanlarla ittifaq quraraq müsəlmanlara qarşı siyasət yürüdən İran rejimi destruktiv siyasətinin qurbanına çevrilib. Ermənistan da 30 ildən artıqdır ki, İran ilə qonşudur. Lakin bu illər ərzində Tehran ilə İrəvan arasında ciddi yaxınlaşma olmayıb. Bunun da səbəbi sadədir: Ermənistanda iqtisadiyyat deyilən bir şey yoxdur. Strateji sahələr Rusiyaya satılıb, dənizlərə çıxışı yoxdur, qonşuları ilə normal münasibətdə deyil. Bir sözlə, Ermənistanın iqtisadi potensialı sıfır səviyyəsindədir. Nə sərmayə yatırmaq, nə də sərmayə qəbul etmək imkanı olmayan Ermənistan İranın nəyinə lazımdır?! Əlbəttə, qonşuluqda mehribanlıq olmalıdır. Lakin nəyə görə bu mehriban qonşuluq və strateji müttəfiqlik Azərbaycanın Qarabağı azad etməsindən sonra başladı? Dünyada əhalisinin əksəriyyəti şiə müsəlmanı olan iki dövlət var ki, bunlardan biri İran, digəri isə Azərbaycan Respublikasıdır. Buna baxmayaraq, şiə İran şiə Azərbaycana qarşı qeyri-müsəlman Ermənistanla birləşir və Qələbəmizi həzm edə bilmir. Sonra da bəyan edir ki, “islamofobiyaya qarşı mübarizə aparırıq”, “dünya müsəlmanlarını müdafiə edirik”. Görünən isə ondan ibarətdir ki, İran müsəlman birliyini təmin etmir, əksinə, onu dağıdır. Odur ki, İranın müsəlmanlara köməyi lazım deyil. Onlara maneə olmasın, yetər!

Kütləvi qırğın silahı əldə edərək region dövlətlərini şantaj etmək istiqamətində yürütdüyü siyasətin nəticəsində beynəlxalq sanksiyalara məruz qalan İranın iqtisadiyyatı tənəzzülə uğradı. Bütün bunların müqabilində islahatlar həyata keçirmək əvəzinə, qonşularını təhdid edən rəsmi Tehran görəsən doğurdanmı yürütdüyü siyasətin düzgünlüyünə əmindir?

Tehranın həyata keçirdiyi siyasi xətt konstruktiv olsaydı, daxildə siyasi qüvvələrin və ən başlıcası, İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) kimi elitar hərbi qurumun parçalanması ilə qarşı-qarşıya qalmazdı.