Fransanın davranışları həm gülməlidir, həm də hiddət doğurur

23 Mart 2023 19:38 (UTC+04:00)

Bəşəriyyət tarixində bəzi dövlətlərin digər dövlətlərə, xalqlara qarşı ədalətsiz, qeyri-obyektiv davranışları, aqressiv və qərəzli hərəkətləri ilə bağlı çox misallar çəkmək olar. Amma Fransanın davranışları həm gülməli, həm də hiddət doğurucudur. Bunlar özlərini kim hesab edirlər? Azərbaycana qarşı ədalətsiz, qərəzli, qeyri-obyektiv münasibət barədə danışmağa, nəyisə sübut etməyə çalışmağa ehtiyac yoxdur. Bu, bir aksiomdur. Lakin bu cür qəbuledilməz münasibətə rəğmən, hələ də israrla "vasitəçilik missiyası" təklifi ilə çıxış etmələri, bunu bir ultimativ tonda etmələri isə artıq bütün əndazələri aşır. Bu, həyasızlıqdan başqa bir şey deyil.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.

“Fransa hansı haqla bu cür danışa bilir, bu "cəsarət", bu həyasızlıq haradan qaynaqlanır? Bu ölkə deyəsən dünyada baş verən proseslərdən, yenə güclünün qoltuğuna sığınaraq beynəlxalq tribunalarda layiq olmadığı statusdan faydalanmaq, öz xeyrinə nə isə qazanmaq, nüfuzunu qaytarmağa cəhd göstərir. Əslində, Fransanın sərgilədiyi bu fəaliyyət diplomatiya, beynəlxalq münasibətlər və digər fənlər üzrə dərsliklərə pis bir nümunə kimi salınmalıdır. Müasir dünyaya demokratiya, insan haqları kimi mütərəqqi ideyaların daşıyıcıları, belə məsələlərdə özünü iddialı hesab edən istər bir dövlət, istər bir təşkilat, istərsə də bir insan bu cür davranmalı deyil. Digər tərəfdən bu cür davranışlara, bu cür fəaliyyətə münasibət də adekvat olmalıdır. Hər kəs həm dövlət olaraq, həm də məmur olaraq layiqli cavabını almalıdır”, - deyə Ə.Abbasbəyli diqqətə çatdırıb.

Fransanın xarici işlər nazirinin Azərbaycana gəlmək istəməsi ilə bağlı məsələyə toxunan QHT bildirib ki, biz qonaqpərvər xalqıq, amma onu xüsusi ciddiyə alaraq yüksək səviyyədə qarşılamağa, hər hansı bir məsələni ciddi müzakirə etməyə ehtiyac yoxdur. Qonaq kimi gələr, xarici işlər nazirinin köməkçisi səviyyəsində qəbul edilər.

Ə.Abbasbəyli Fransa XİN rəhbərinin Azərbaycanın siyasi partiyaları, QHT nümayəndələri ilə görüşünün təşkil edilməsinin tərəfdarı olduğunu bildirərək deyib: “Yaxşı olardı ki, K.Kolonna diplomatiyadan kənar formada Azərbaycan xalqının fikirləri ilə də tanış olsun”.