Türkiyənin birinci xanımı Nyu-Yorka gedir

23 Mart 2023 19:43 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, ölkənin birinci xanımı Əminə Ərdoğan 30 martda keçiriləcək xüsusi iclasda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Türkiyədə həyata keçirilən “Sıfır tullantı” layihəsinin dünyada geniş vüsət alması üçün çağırış edəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

2022-ci ilin sentyabrında BMT Baş Assambleyasının 77-ci iclasları zamanı Nyu-Yorkda BMT baş katibi Antonio Quterreşlə görüşən Türkiyənin birinci xanımı iqlim böhranı ilə mübarizə çərçivəsində “Qlobal sıfır tullantı xoşməramlı bəyanatı”nı imzalayıb. Həmin ilin 15 dekabrında keçirilən BMT Baş Assambleyasında Türkiyənin BMT-nin 77-ci Baş Assambleyasına təqdim etdiyi “Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün sıfır tullantı təcrübələrinin təşviqi” mövzusunda “Sıfır tullantı” qətnaməsi qəbul olunub. Bundan sonra BMT Baş Assambleyası bu qətnaməyə əsasən, 30 martı Beynəlxalq Sıfır Tullantı Günü elan edib. Əminə Ərdoğan bu çərçivədə 30 Mart Beynəlxalq Sıfır Tullantı Günü münasibətilə keçiriləcək xüsusi sessiyada iştirak etmək üçün BMT Baş Katibliyinin xüsusi qonağı kimi Nyu-Yorka gedəcək.

BMT-nin baş katibi Quterreş və BMT-nin Habitat üzrə icraçı direktoru Maimunah Mohd Şəriflə xüsusi sessiyada çıxış edəcək Əminə Ərdoğan Türkiyədə tətbiq edilən “Sıfır tullantı” layihəsinin təfərrüatlarını açıqlayacaq, davamlı tullantıların idarə edilməsi və iqlim dəyişikliyi arasındakı əhatə dairəsinə daxil olduğu üçün bu layihənin dünyada həyata keçirilməsinə çağıracaq.

Türkiyənin birinci xanımı Nyu-Yorka ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə gedəcək.