‘‘Somalinin terrorla mübarizәdə dәstәyә ehtiyacı var’’

23 Mart 2023 19:15 (UTC+04:00)

Afrika Birliyi Somalidə terror təşkilatı Eş-Şebab ilə mübarizə üçün 90 milyon dollar yardım istəyib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Afrika Birliyinin Siyasi Məsələlər, Sülh və Təhlükəsizlik üzrə komissarı Bankole Adeoye jurnalistlərə verdiyi açıqlamada Somalidə terrorla mübarizədə daha çox dəstəyə ehtiyac olduğunu bildirib.

Bankole Adeoye Eş-Şebabla mübarizədə 90 milyon dollar yardım tələb etdiklərini ifadə edərək, kifayət qədər dəstək verilmədiyi təqdirdə bir çox bölgənin təşkilatın nəzarətinə keçə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Somalidəki vəziyyətin çox kritik olduğuna diqqət çəkən Bankole Adeoye deyib:"Beynəlxalq ictimaiyyətin Somaliyə olan marağını itirməsini istəmirik".

Bankole Adeoye Qərb ölkələrinin Ukraynaya dəstəyinə diqqət çəkərək, eyni yardımın Somaliyə də edilməsini tələb edib.

Afrika İttifaqının Keçid Missiyası çərçivəsində Somalidə 20 mindən çox əsgər xidmət edir.

Qeyd edək ki, Es-Şebab 2000-ci illərin ortalarından etibarən Moqadişoda qurulan hökuməti devirməyə çalışır.

Təşkilat Somalinin qonşusu Keniyada da vaxtaşırı terror aktları törədir.