Putinə toxunmaq olmaz..?

23 Mart 2023 18:01 (UTC+04:00)

Haaqa Beynəlxalq Cinayət Məhkəməsində təmsil olunan Roma Statutunun iştirakçısı olan ölkələr, prezident Vladimir Putinin həbsinə verilən orderdən sonra Rusiya və bəzi digər dövlətlərin göstərdikləri reaksiyadan təəssüfləniblər.

Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı saziş imzalamış ölkələrin nümayəndələrinin assambleyası belə bir bəyanatı Rusiya Federasiyası İstintaq Komitəsinin beynəlxalq məhkəmənin prokuroru və hakimlərinə qarşı cinayət işinin başlanmasına cavab olaraq dərc edib.

Qeyd edək ki, Rusiyanın keçmiş prezidenti və Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedev, Haaqa Beynəlxalq Cinayət Məhkəməsini hətta hipersəs raketi ilə hədələyib.

“Biz müstəqil və qərəzsiz məhkəmə institutu kimi Beynəlxalq Cinayət Məhkəməsinə tam etimadımızı və Roma Statutunda təsbit olunmuş prinsip, dəyərləri dəstəkləmək, eləcə də müdafiə etmək və onun bütövlüyünü qorumaq üçün qəti öhdəliyimizi təsdiqləyirik”.

SİA-nın əldə etdiyi məlumata görə, bu ölkələr Assambleyasının məhkəmənin saytında dərc olunmuş bəyanatında deyilir.

Bəyanatda həmçinin, Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə order vermək qərarının iştirakçı ölkələrin “ən ağır beynəlxalq cinayətlərə görə cəzasızlıqla mübarizə aparmaq” kollektiv öhdəliyini tam əks etdirdiyi deyilir.

Qeyd edək ki, bir müddət bundan əvvəl Amerika prezidentinin keçmiş müşaviri Con Bolton Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarının qanunsuz olduğunu bildirmişdi. Onun fikrincə, bu cür addımlar Ukraynada münaqişənin diplomatik yolla həllinə mane olur.

Təbii ki, bunu rus saytları bəyan edib.

Ağasəf Babayev