Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs tutulub

23 Mart 2023 10:22 (UTC+04:00)

Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və külli miqdarda narkotik maddə olan "metamfetamin", "heroin", "tiryək" və "marixuana" aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələr vasitəsilə İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.