"Mübarizəmizi sona qədər davam etdirəcəyik”

23 Mart 2023 04:20 (UTC+04:00)

“Fransa millisi qrupumuzun favoriti hesab edilsə də, bu bizi ruhdan salmırdı. Düzdür, bilirdik ki, onların ustalıq səviyyəsi bizdən üstündür, daha çox beynəlxalq oyunda iştirak ediblər". SİA xəbər verir ki, bu sözləri 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin futbolçusu İlham Alıyev Avropa çempionatının əsas mərhələsi çərçivəsində Fransaya 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Ancaq əzmkarlıq və sona qədər mübarizə aparmaqla rəqibi dayandırmağa, onları əks-hücumlarda tutmağa çalışdıq. Açığı, 1-2 epizodda buna nail olduq, təəssüf ki, fürsətləri realizə edə bilmədik. Əvəzində müəyyən səhvlərə yol verdik və bu da Fransanın qol vurması üçün kifayət etdi. Əlbəttə, hər bir oyun bizim üçün dərs, təcrübədir, çalışacağıq düzgün nəticələr çıxaraq" - deyə o bildirib.

İ.Alıyev qarşıda iki oyunlarının olduğunu vurğulayıb: "Hər ikisi bizim üçün vacibdir. Düzdür, Bosniya və Herseqovina da birinci yer uğrunda mübarizə aparır, üstəlik turnir onların ölkəsində keçirilir ki, bu məqamda rəqibimizin xeyrinə işləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq, mübarizəmizi sona qədər davam etdirəcəyik”.