Priqojin Blinkenə “Vaqner”i maliyyələşdirməyi təklif edib

23 Mart 2023 00:12 (UTC+04:00)

Bu arada “Vaqner” PMC-ni yaradan rusiyalı iş adamı Yevgeni Priqojin ABŞ dövlət katibi Entoni Blinkenə “Vaqner”i maliyyələşdirməyi təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, Priqojinin müraciəti martın 22-də onun mətbuat xidməti tərəfindən “Telegram”da dərc olunub.

Deməli, rusiyalı “povor” bu təklifi mədəni şəkildə, Blinkenə göndərdiyi məktubla edib.

Qeyd edək ki, Priqojinin məktubunda “Vaqner”in Ukraynada “işləməsindən” istifadə edən ABŞ-ın nəinki qitədəki PMC-lərin işinə mane olmağa, həm də bu işə mane olan hər kəsə qarşı sanksiyalar tətbiq etməyə çalışdığını bildirib.

Sahibkarın fikrincə, “Vaqner” döyüşçüləri Afrikada təhlükəsizliyi amerikalılardan qat-qat effektiv şəkildə təmin edə bilirlər.

Ona görə də, “mən sizə yeni “Vaqner” layihəsini maliyyələşdirməyi təklif edirəm”.

O da maraqlıdır ki, Priqojin Vaşinqtonu Afrika ölkələrinə siyasi təsir göstərmək üçün uğursuz cəhdlərindən əl çəkməyə və onların təhlükəsizliyini “Vaqneritlər”ə həvalə etməyə çağırıb.

Və hələ bu azmış kimi, Priqojin ““Vaqner”. Təhlükəsiz Afrika”nın variantlarını da yaratmağı təklif edib. Məsələn, “Təhlükəsiz Amerika” və “Vaqner””. “Təhlükəsiz Asiya” və “Vaqner””. “Təhlükəsiz Avstraliya” və “Vaqner””. “Təhlükəsiz Antarktida” və sair və ilaxır.

Ən maraqlısı isə, Yevgeni Priqojin ABŞ-dan bu məsələni müzakirə etmək üçün nümayəndə göndərməyi xahiş edib.

Ağasəf Babayev