Ukrayna ilə BVF maliyyə paketi üçün razılaşıb

22 Mart 2023 18:02 (UTC+04:00)

2022-ci il fevralın 24-dən Rusiya ilə müharibədə olan Ukrayna Beynəlxalq Valyuta Fondu (BVF) ilə 15,6 milyard dollara yaxın maliyyə paketi üçün razılıq əldə edib.

SİA-nın əldə etdiyi məlumata görə, BVF-dən verilən açıqlamada BVF-nin missiya heyəti və Ukrayna səlahiyyətliləri texniki səviyyədə maliyyə sabitliyinə və iqtisadiyyatın bərpasına dəstək də daxil olmaqla 48 aylıq fond ayırmaq barədə razılığa gəldikləri bildirilib.

Açıqlamada qeyd edilib ki, Ukrayna hakimiyyətinin tələbi ilə Qevin Qreyin başçılıq etdiyi BVF nümayəndə heyəti martın 8-15-də Polşanın paytaxtı Varşavada Ukrayna rəsmiləri ilə 4 illik iqtisadi proqramla bağlı danışıqlar aparıb.

Maliyyələşdirmə paketinin təqribən 15,6 milyard dollar olduğu ifadə edilən açıqlamada həmin iqtisadi proqramın BVF İcraçı Direktorlar Şurasının təsdiqinə tabe olduğu və şuranın gələcək həftələrdə bunu dəyərləndirməsinin gözlənildiyi qeyd edilib.

ABŞ-ın maliyyə naziri Canet Yellen Ukrayna ilə BVF arasında yeni iqtisadi proqramla bağlı əldə olunan razılaşma ilə bağlı yazılı açıqlama verib.

İddialı və düzgün şərtləndirilmiş BVF proqramının Ukraynanın islahat səylərini dəstəkləmək, o cümlədən yaxşı idarəçiliyi gücləndirmək, korrupsiya risklərini həll etmək və lazımi maliyyə dəstəyi vermək üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Yellen ABŞ və tərəfdaşları tərəfindən verilən iqtisadi yardımı da dəstəkləyəcəyini bildirib.