Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb

22 Mart 2023 12:59 (UTC+04:00)

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb. SİA xəbər verir ki, “Qərbi Azərbaycanda Novruz ənənələri” adlı süjetdə xalqımızın minilliklərlə tarixi olan Novruz adət-ənənələri barədə söhbət açılıb, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda Bahar bayramının necə keçirildiyi xatırladılıb.

Bildirilib ki, indiki Ermənistanda 1988-ci ilədək Novruz bayramı bütün bayramların şahı sayılıb. Məhz Novruz bayramı gələndə ermənilər həmişə vahiməyə düşüb, bütün türk xalqları kimi, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara da dərin kin bəsləyib. Hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunan Novruz milli bayramı kimi türk dünyasına da təsir edib. Bu bayram türkün, Azərbaycan xalqının ulu tarixidir.

Süjet bu arzu ilə bitir: “Şuşada alovlanan Novruz tonqalı Qərbi Azərbaycanda əsir düşmüş yurdlarımızda yenə alovlanacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaç daşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.