Bu gün Ümumdünya Su Günüdür

22 Mart 2023 10:50 (UTC+04:00)

22 mart - Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su Resursları Günü qeyd olunmağa başlanılıb. SİA xəbər verir ki, bu il Ümumdünya Su Günü "Dəyişimin sürətlənməsi" devizi ilə qeyd olunur. Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Həmin məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.

Dünyadakı bütün canlıların orqanizmi müəyyən miqdarda sudan ibarətdir. İnsan vücudunun hər yerində - qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. İnsan orqanizminin 60-70 faizi sudan ibarətdir. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də suyun daxil olması lazımdır. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.

Su orqanizmin həyat fəaliyyəti ilə əlaqədar olan bütün kimyəvi dəyişikliklərin baş verməsi üçün mühit yaradan amildir. Bütün qida maddələri yalnız suda həll olmuş halda bağırsaqlardan qana və oradan da toxumalara keçir. Mübadilə nəticəsində əmələ gələn son məhsullar, həmçinin, su vasitəsilə yuyulub orqanizmdən xaric olur. Su, həmçinin orqanizmdə gedən bir sıra mübadilə reaksiyalarında bilavasitə iştirak edir.

Planetin ümumi su ehtiyatlarının yalnız bir faizi insanlar üçün əlçatandır
Yer səthinin 70 faizi su ilə örtüldüyü halda, onun 97,5 faizi duzlu sudur. Qalan 2,5 faiz şirin suyun təxminən 68,7 faizi buzlaqlarda cəmləşib. Planetin ümumi su ehtiyatlarının yalnız bir faizi insanların istifadəsi üçün əlçatandır. Bu gün dünya əhalisinin demək olar ki, yarısının - 3,6 milyard insanın təhlükəsiz sanitariya sisteminə, 2 milyard insanın isə təhlükəsiz suya çıxışı yoxdur. Hər il 1,4 milyon insan suyun keyfiyyəti, sanitariya və gigiyena qaydalarına riayət edilməməsi səbəbindən həyatını itirir.

Ötən əsrdə sudan istifadə 6 dəfə artıb və bu, əhalinin artım tempindən 2 dəfə çox olub. İnkişaf etmiş ölkələrdə şirin su ehtiyatlarının 30 faizə qədəri sızma səbəbindən itir, bəzi böyük şəhərlərdə isə itkilər 70 faizə çata bilir.
Azərbaycan məhdud su resurslarına malikdir
Azərbaycan arid landşaft və məhdud su resurslarına malikdir. Mövcud su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşan və transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olur. Azərbaycan adambaşına düşən suyun həcminə görə ilk yüzlükdə yer alsa da, 90-cı yerlərdən birini tutur. Su ehtiyatlarını qiymətləndirdikdə Azərbaycan 140-cı yerdə qərarlaşıb. Bu da ölkəmizdə suyun səmərəli istifadəsini şərtləndirir.
Ölkəmizdə yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları, buzlaqlar və s. təşkil edir. Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl məlumdur ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür.

Respublikada 136 su anbarı mövcuddur və onların ümumi həcmi 21 milyard 500 milyon kubmetr təşkil edir. Azərbaycanda hər birinin həcmi 1 milyon kubmetrdən çox olan 61 su anbarı mövcuddur.

Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Respublikanın çay şəbəkəsi 8359 çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500, 40 çayın uzunluğu 51-100, 107 çayın uzunluğu isə 26-50 kilometr arasındadır.

Su ehtiyatlarının az olması ilə yanaşı, proqnozlar da ürəkaçan deyil. İqlim dəyişmələrinin təsirləri Azərbaycandan da yan keçməyib. Bu təsirlər daha çox su ehtiyatlarının azalmasında özünü göstərib. Son otuz ildə su ehtiyatlarımız 15-20 faiz azalıb. 2050-ci ilə qədər isə daha 15-20 faiz azalacağı proqnozlaşdırılır. Ona görə də, mövcud su ehtiyatlarından səmərəli istifadə olunmalı, fermerlər suya qənaət edən texnologiyalardan istifadə etməlidirlər. Bunlar, su təsərrüfatı sahəsində itkilərin aradan qaldırılması baxımından vacib amillərdir.