Medianın İnkişafı Agentliyində MEDİA könüllüləri ilə görüş olub

18 Mart 2023 21:15 (UTC+04:00)

Martın 18-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Medianın İnkişafı Agentliyindən bildiriblər ki, görüşdə Əhməd İsmayılov ölkədə gənclərin inkişafı istiqamətində görülən işlərdən, könüllülük hərəkatının müxtəlif sahələrə verdiyi töhfələrdən və yaratdığı müsbət nəticələrdən, media sahəsində kadr potensialının artırılmasından, gənclərin müasir media mühitinin tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinin əhəmiyyətindən danışıb. O, gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.

Görüş struktur bölmə rəhbərləri və könüllülər arasında müzakirə ilə davam edib.

Qeyd edək ki, MEDİA könüllüləri proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaqdır.