Putin tammiqyaslı müharibə başlayandan bəri ilk dəfə Krıma gəlib

18 Mart 2023 21:07 (UTC+04:00)

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxardığı Rusiya prezidenti Vladimir Putin şənbə günü ilhaq edilmiş Sevastopola gəlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu şəhərin Rusiya qubernatoru Mixail Razvojayev yazıb.

Keçən fevralda Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başladıqdan sonra bu, Putinin Krıma ilk səfəridir.

Rəsmi məlumatlara görə, Putin Krıma yarımadanın ilhaqının doqquzuncu ildönümündə gəlib. Onu da qeyd edək ki, bundan əvvəl Krımın ilhaqının ildönümü ilə bağlı keçirilən tədbirlərin heç birinə qatılmamışdı.

Maraqlıdır ki, Razvojaev teleqramında Putinin gəlişinin planlaşdırılmadığını və prezidentin “sürpriz etməyi bacardığını” yazıb.

Onun sözlərinə görə, “Xersonese Tauride” yaxınlığındakı incəsənət məktəbi və uşaq mərkəzi “Korsun”un videobağlantı vasitəsilə açılması planlaşdırılırdı.

Belə görünür ki, Putin də açılışa qatılacaq.

Maraqlıdır ki, Putinin Krımda necə peyda olduğunu, yəni hansı nəqliyyat vasitəsiylə gəldiyini Razvojaev belə dəqiqləşdirməyib.

Qeyd edək ki, Sevastopol qubernatoru tərəfindən yayımlanan videoda Putinə yaxın Rus Pravoslav Kilsəsinin iyerarxı və hətta Rusiya prezidentinin etirafçısı adlandırılan mitropolit Tixon (Şevkunov) da var.

Yayımlanan videoda Putin heç bir siyasi bəyanatla çıxış etmir, sadəcə müşayiətçilərinin ona göstərdiklərini şərh edir.

Bundan əvvəl bir sıra Qərb ölkələri Rusiyanın Krımı ilhaqının ildönümü ilə bağlı bəyanatlar verərək, onu tanımadıqlarını və onu qanunsuz hesab etdiklərini xatırladıblar.

Ağasəf Babayev