"Qarabağ" "Şəmkir"in rekordunu təkrarlayıb

18 Mart 2023 10:48 (UTC+04:00)

"Qarabağ" Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. SİA xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna XXVII turda "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəlməklə nail olub.

Beləliklə, Ağdam təmsilçisinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb. "Köhlən atlar" cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan "Qarabağ" sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə yenilib – 1:3.

Rəqib meydanında keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan ölkə çempionu 4 dəfə heç-heçə edib.

1999 - 2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” mütləq rekordçu idi. “Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail olub. Ağdamlılar növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilər.