Vətənpərvər və milli mənlik şüuruna malik GƏNCLƏRİMİZLƏ QÜRUR DUYURUQ - TƏHLİL

17 Mart 2023 18:21 (UTC+04:00)

Milli mənlik şüuruna malik olan gənclik gələcəyimizin təminatçısıdır, çünki yalnız belə gəncliklə milli maraqların qorunacağına bundan sonra da əmin ola bilərik. Sağlam təfəkkürlü, milli mənlik şüuruna malik olan gəncliyin yetişməsi üçün isə cəmiyyət özü zəmin yaratmalıdır.

Hər zaman olduğu kimi, hazırda da ən mühüm məsələlərdən biri də gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsidir. Ona görə ki, bizim üçün ən ali dəyərlərin, milli maraqlarımızın qorunması prioritet məsələ olaraq hər zaman öz aktiallığını qoruyur. Elə bu səbəbdən də gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsi də vacib məqamlardandır. Sözsüz ki, bu məsələyə ölkəmizdə xüsusi diqqətin ayrılması da bu mənada başadüşüləndir və hər zaman olduğu kimi, hal-hazırda da çox yüksək qiymətləndirilir.

Bilirik ki, milli mənlik şüuruna malik olan gənclərin yetişməsi və formalaşması üçün uzun illər gərəkir. Deməli, sağlam təfəkkürlü, milli mənlik şüuruna malik gəncliyin yetişməsi öz aktuallığını hər zaman qoruyub və yenə də qorumaqdadır. Bir sözlə, bu siyasət davamlı şəkildə həyata keçirilməlidir və keçirilir də. “Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”, deyən cənab Prezident İlham Əliyevin gənc nəslin tərbiyəsinə, xüsusən də sağlam təfəkkürə sahib, milli mənlik şüuruna malik gənc nəslin yetişməsinə nə qədər böyük önəm verdiyi və bu məsələyə olduqca həssas yanaşdığı təkzib edilə bilməz.

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk yaratdığı nazirliyin Gənclər və İdman Nazirliyi olması heç də təsadüfi deyildi, Azərbaycan gəncliyinə, onun sağlam yetişməsinə böyük diqqətin təzahürü idi. Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycan gəncinin savadlı, dünyagörüşlü, vətənpərvər, qəhrəman, milli dəyərlərə malik, milli mənlik şüuruna sahib yetişməsi, inkişaf etməsi üçün nə lazım idisə etdi. Təbii ki, Azərbaycan gənci də ona göstərilən bu etimadı layiqincə doğrultdu. Ümummilli Lider Heydər Əliyevin gəncliyin vətənpərvər ruhda yetişməsi istiqamətində müəyyən etdiyi yol onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə rəhbərimizin Azərbaycan gəncləri ilə bağlı bir çox dövlət proqramları, fərmanları və sərəncamları bunu təsdiq edir.

Millətin, xalqın təşəkkül tapmasında, suverenliyini, dəyərlərini qorumasında milli mənlik şüurunun, vətənpərlik hisslərinin, milli-mənəvi dəyərlərə necə bağlılığının əlbəttə ki, böyük rolu var. Xalqın, millətin, dövlətin gələcəyinin sütunları olan gənliyin bütün sahələrdə hərtərəfli inkişafı, əsasən də təhsili olması, mədəni dəyərləri qavraması, kökünə, soyuna bağlılığı, ölkənin inkişafına tövhələr verməsi hər zaman qarşıda duran ən vacib məsələ olaraq qalmaqdadır. Elə bu məsələnin dövlətimiz, dövlət başçımız tərəfindən diqqətdə saxlanılması da əbəs yerə deyil.

Ölkəmizdə milli mənlik şüuruna malik olan gənclərimizin saysız-hesabsız olması heç də təsadüfi sayıla bilməz, məhz gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun oyadılması sayəsindədir. Bilirik ki, zamanın, dövrün hərəkətverici qüvvəsi məhz gənclikdir və məhz bu baxımdan da gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların da qarşısında duran ən böyük vəzifə hesab olunur. Öz adət-ənənələrinə, dəyərlərinə sadiq qalan xalqımız da məhz ənənəvilik çərçivəsində vətənpərvərlik hisslərinin, milli mənlik şüurunun inkişaf etdirilməsinə hər zaman böyük tövhələr verib, yaşlı nəsil bu ali hisləri hər zaman gənc nəslə təlqin edib. Elə buna görə də milli dəyərlərimiz gəlcliyimiz üçün ən ali dəyər olaraq qəbul edilməkdədir.

Azərbaycan gəncinin necə vətənpərvər, torpağına necə bağlı olduğunu bir daha dünyaya əyani şəkildə sübut edən 44 günlük Vətən müharibəsi oldu. Bütün dünya şahidi oldu ki, heç vaxt Qarabağı görməyən gənclərimiz Ali Baş Komandanın əmri ilə şücaət göstərdilər, canları, qanları ilə ərazilərimizi işğaldan azad etdilər, bu torpağın hər qarışının onlar üçün müqəddəs olduğunu təsdiqlədilər. Xalqımızın belə gəncliklə qürur duymağa haqqı var və biz hər birimiz bu gənclərlə haqlı olaraq fəxr edirik.

Əsrin üçdə birinə yaxın müddət ərzində torpaqlarımızın işğal altında qalması ilə gəncliyimiz barışmadı. Baxmayaraq ki, dövlətimiz bu müddət ərzində məsələnin sülh yolu ilə, qan tökülmədən həll olunmasına tərəfdar oldu, danışıqlar yolu ilə məsələnin həllinə çalışdı və buna görə də illər keçdi. Amma torpaqlarımızın işğal edilməsi, xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılması, soyqırımlar törədilməsi, Xocalı faciəsi kimi insanlıq dramı, xalqımıza qarşı törədilən cinayətlər gəncliyin yaddaşından silinmədi. Vətən uğrunda, hər qarış torpaq uğrunda şəhid olanların xatirəsi uca tutuldu, 44 gün ərzində onların qisası da alındı. 27 sentyabr 2020-ci il tarixində başlayan müharibədə İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə Azərbaycan gəncliyi öz sözünü dedi və şücaəti də dastana çevrildi. Azərbaycan gəncliyinin, əsgər və zabitlərimizin cəsurluğuna, rəşadətinə hər kəs bir daha əmin oldu. Əmin oldu ki, Azərbaycan gəncliyi üçün milli-mənəvi dəyərlər, vətənpərlik hissləri ən ali hislər hesab olunur.

Sözsüz ki, 44 günlük Vətən müharibəsində hər kəs şahidi oldu ki, gəncliyimizin vətənpərlik hissi, milli maraqlarımıza hörmətlə yanaşması qələbənin əldə edilməsində, torpaqlarımızın işğaldan azad olunmasında böyük, əvəzsiz rola malik oldu. Gənclərimiz arasında könüllü olaraq müharibədə iştirak etmək istəkləri, hətta bir çoxlarının iştirak etmələri sübut etdi ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi düzgün istiqamətdə aparılıb və bu gün də həmin istiqamət prioritet hesab olunur. Vətənpərvər, milli mənlik şüuruna malik gənclərimizlə qürur duyuruq və bundan sonra da gəncliyimizlə fəxr edəcəyimizə əminik.

Müəllif: İnam Hacıyev

6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır