"Uşaq yaşlarımdan erməni vəhşiliyinin şahidi olmuşam" - MÜSAHİBƏ

17 Mart 2023 17:22 (UTC+04:00)

Qərbi Azərbaycan İcmasının nümayəndəsi, 1988-ci ildə Qafan rayonundan deportasiya olunmuş Süsən Əbilovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Süsən xanım, özünüz haqda məlumat verməyinizi xahiş edirəm.

- Mən 1974-cü ildə Qafan rayonunda anadan olmuşam. Orada böyüyüb boya-başa çatmışam. 1988-ci ilə qədər Qafanın mərkəzində yaşayırdıq. Qafanda 4 nömrəli məktəbdə oxuyurdum. Atamı erkən yaşda itirmişəm. Anam bizi çox əziyyətlə böyüdüb. O, iki yerdə işləyirdi. Çox mərhəmətli biri idi. Yaşadığımız yerdə hər kəs anamı tanıyırdı, onun necə yardımsevər, böyükürəkli biri olduğunu bilirdilər. Biz iki yerdən qaçqın olmuşuq. Həm Qafandan, həm də Füzulidən köçərək gəlib Bakıya çıxmışıq. Çox çətinliklər görmüşəm. Uşaq yaşlarımdan erməni vəhşiliklərinin şahidi olmuşam.

- Doğma yurdunuzdan necə deportasiya olunmusunuz?

- Qafanda artıq yaşamaq qeyri-mümkün idi. Ermənilər qapı-pəncərəmizi daşlayırdılar. Qapılarımıza rus dilində yazırdılar ki, buradan çıxmalısınız. Ona görə anam qorxurdu. Bizi gətirdi Füzuliyə qoydu. Daha sonra özü Qafana qayıtdı. Çünki evimizi dəyişməliydik. Anam nümayiş vaxtına rast gəldi. Ermənilər onu o qədər döydülər ki, 1 il xəstəxanada yatmışdı. Yenə də biz çöllərdə qalmayaq deyə Qafandakı evimizi Füzullidə ev ilə dəyişdi. Bildiyiniz kimi, Füzulidə də qaçaqaç düşdü. Oradan da deportasiya olunduq. Nəhayət, Bakıya gəldik. Yəni, biz çox çətinliklər çəkmişik. Amma Allah qoysa həmin günləri unutduracaq şeylər yaşayarıq.

- Ermənilərdən təzyiq görürdünüzmü?

- Ermənilər həmişə bizə zülm edirdilər. Bizə “tork” deyirdilər. Bu sözü o qədər çirkin vəziyyətdə deyirdilər ki, heç vaxt belə münasibəti anlaya bilmirdik. Fikirləşirdik ki, görəsən tork nə deməkdir. Sonralar bizə izah etdilər ki, ermənilər həmin sözlə türk demək istəyirlər. Doğrusunu bilsələr belə yenə də türk sözünü iyrənc hala salaraq deyirdilər. Sumqayıt erməniləri Qafana gəldikdən sonra ümumiyyətlə, günümüz qara oldu. Çörək almaq istəyəndə belə ermənilər bizə deyirdilər ki, Qarabağı ver mənə, sənə çörək verim. Yol ilə gedəndə erməni uşaqları görürdüksə, istiqamətimizi dəyişirdik. Bilirdik ki, onlarla üz-üzə gəlsək, bizə sataşacaqlar.

Ermənilər hər il Andranikin qulağının kəsildiyi gün bir azərbaycanlı qanı axıdırdılar. O vaxt anam danışırdı ki, Qafanın hansısa kəndində ermənilər balaca azərbaycanlı qız uşağını su istəmək adı ilə çağırıb, başını kəsmişdilər. Yəni, onlar Azərbaycan xalqına bu cür zülmlər edirdilər.

- Sizcə, sizin yaşadığınız yerin başqa yerlərdən fərqi nə idi?

- Bizim yerimiz-yurdumuz sanki bir cənnət idi. İnanın ki, o yerlərin gözəlliyini sözlə ifadə etmək mümkün deyil. 35 ildir ki, heç bir guşəsi yaddaşımdan silinmir. Doğrudur, Azərbaycanımızın hər yeri gözəldir. Amma bilmirəm, vətənimdirmi deyə ya niyəsə ora mənə başqa cür gözəl görünürdü. Hələ də obamızı yuxularımda görürəm.

- Neçə il orada yaşadıqdan sonra başqa bir yerə köçdünüz. Buraya gələndən sonra necə adaptasiya oldunuz?

- Düzdür, biraz çətin uyğunlaşdıq. Bir yerdən başqa bir yerə köçmək asan olmur. Amma şükür ki çıxıb gəldiyimiz yer də Azərbaycan torpağı idi. Qorxusuz-hürküsüz yaşaya bilirdik. Ən azında qarşımıza çıxan insanlar öz millətimizin nümayəndəsi idi. Ürəklə hərəkət etmək olurdu. Ona görə də qurban olaram Azərbaycan yurduna, torpağına.

- Erməni dilini bilirdiniz?

- Əlbəttə ki, erməni dilini bilirdik. Çünki biz yaşadığımız yerdə ermənilər çox idi və televiziyada belə yalnız erməni və rus kanalları göstərirdi. Ona görə artıq məcburi şəkildə onların dilini öyrənmişdik. Amma heç bir dil dövlətimin dili qədər gözəl deyil. Mən vətəninə, dilinə çox bağlı bir insanam. Zəngilanda qohumlarımız yaşayırdı. Onlara qonaq gedəndə saatlarla televizorun qarşısında otururdum ki, sırf Azərbaycan dilinə qulaq asım. Uşaqlıqdan elə vətənimə bağlı olmuşam.

- Doğma yurdunuzdan necə deportasiya olunmusunuz?

- Qafanda artıq yaşamaq qeyri-mümkün idi. Ermənilər qapı-pəncərəmizi daşlayırdılar. Qapılarımıza rus dilində yazırdılar ki, buradan çıxmalısınız. Ona görə anam qorxurdu. Bizi gətirdi Füzuliyə qoydu. Daha sonra özü Qafana qayıtdı. Çünki evimizi dəyişməliydik. Anam nümayiş vaxtına rast gəldi. Ermənilər onu o qədər döydülər ki, 1 il xəstəxanada yatmışdı. Yenə də biz çöllərdə qalmayaq deyə Qafandakı evimizi Füzullidə ev ilə dəyişdi. Bildiyiniz kimi, Füzulidə də qaçaqaç düşdü. Oradan da deportasiya olunduq. Nəhayət, Bakıya gəldik. Yəni, biz çox çətinliklər çəkmişik. Amma Allah qoysa həmin günləri unutduracaq şeylər yaşayarıq.