“Prezidentin təşəbbüsü türk dünyasında birliyi və həmrəyliyi daha da möhkəmləndirir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

17 Mart 2023 15:31 (UTC+04:00)

“Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü növbəti dəfə təşkilata üzv dövlətlərin həssas məqamda mükəmməl birlik və həmrəyliyini nümayiş etdirdi. Məlumdur ki, dövlət başçımız belə bir təşəbbüslə zəlzələdən öncə çıxış etmiş, bu təşkilat çərçivəsində üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə Görüşü platformasının yaradılması ideyasını irəli sürmüşdü və görüş əslində mədəniyyət paytaxtımız olan Şuşada baş tutmalı idi. Lakin məlum dağıdıcı zəlzələdən sonra məhz Prezident İlham Əliyev bu tədbirin qardaş ölkədə keçirilməsini təklif etdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, sammitin məqsədi də praktiki əməkdaşlığın müzakirəsi, eləcə də qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsidir: “Təsadüfi deyil ki, ötən il təşkilatın Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bəyan etmişdi”.

Deputat sözlərinə belə davam edib: “Ankara Zirvəsi bu dəfə də səmərəli müzakirələrlə yadda qaldı. Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, Türkiyənin çətin günündə TDT-ə üzv ölkələrin toplaşması olduqca vacibdir. Məlumdur ki, Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Bu da Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür. Fövqəladə Sammitin yekununda qəbul olunan Ankara bəyannaməsində qeyd olunduğu kimi, üzv dövlətlər zəlzələlərdən sonra bərpa-yenidənqurma işlərində Türkiyə xalqı və Hökuməti ilə həmrəylik ifadə etdilər. Zəlzələlərdən zərər çəkmiş şəxslərə ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını bir daha təkrarladılar. Bu sammitin ən böyük uğurlarından biri TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəlməsi və Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş oldu. Bu, beynəlxalq ictimaiyyət üçün istinad nöqtəsi baxımından mühüm əhəmiyyət kəsb edir. TDT-nin əsas məqsədlərindən biri Türk dünyasında daha dayanıqlı, davamlı inkişafı təmin etməkdir.

Müşahidəçi Dövlətlərin TDT-nin fəaliyyətlərinə aktiv cəlb olunması da təşkilatın əsas uğurlarından biridir. TDT Üzv Dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması da yaxşı perspektivlər vəd edir. Təsadüfi deyil ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü də Prezident İlham Əliyevə məxsusdur. Azərbaycan Prezidenti belə bir təkliflə 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə Görüşü zamanı çıxış edib. Görünən budur ki, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Azərbaycan isə lokomativ olaraq təşkilatın daha da güclənməsinə töhfələr verməkdədir. Azərbaycan Prezidentinin bütün platformalarda səmərəli təşəbbüsləri ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə qorunmasına xidmət edir”.

Ayşən Vəli