“Bu gün Ankarada TDT Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, burada müzakirə edilən məsələlər türk dövlətlərini eyni zamanda bütün dünyanı narahat edən məsələlərdir: “Hansı ki, görüşdə Türkiyədə baş verən dəhşətli zəlzələnin aradan qaldırılmasına görə qardaş türk dövlətlərinin yardımı, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması, türk dövlətlərinin daxili inteqrasiyasının gücləndirilməsi və s. kimi bir sıra məsələlər müzakirə olunacaq. Bu gün vacib olan məqam ondan ibarətdir ki, bir etnik qrupa daxil olan dövlətlər dünya birliyində birgə hərəkət etməyə üstünlük verirlər. Belə ki, inteqrasiya prosesi güclənir və onların bir yumuruq kimi dünya birliyinə çıxması dünyada türk dövlətlərinin nüfuzunu artırır. Hesab edirəm ki Fövqəladə zirvə görüşü təşkilatın bütün dünyada nüfuzunun artmasına eyni zamanda türk dövlətlərinin inteqrasiyasının güclənməsinə çox böyük töhfə olacaqdır”.