Paşinyansayağı “pat”

17 Mart 2023 13:16 (UTC+04:00)

Vəli VƏLİYEV

Baş nazir Nikol Paşinyanın İrəvanda keçirdiyi mətbuat konfransı nəinki Hayastanda, o cümlədən qonşu ölkələrdə də maraqla izlənildi və qiymətini də aldı, reaksiyasını da. “Hay”ların indiki lideri nə istədiyini, nələri etmək istədiyini dürüst olaraq dilinə gətirməsə də, bütün bu həngaməni yaxın gələcəkdə Hayastan ictimaiyyətinə verəcəyi ən pis xəbərə hazırlaşması və bunun üçün məşqlər etdiyi qənaətinə gələ bilərik. Artıq Hayastanın dostları da münaqişədə Azərbaycanın haqlı tərəf olduğunu İrəvana başa salmağa başlayıblar. Bəzi çıxışlarda Paşinyan hakimiyyətini dəstəkləsələr də ərazi bütövlüyü prinsiplərinin Hayastan tərəfdən uzun illər pozulduğunu, bu gün isə artıq çağırışların və reallıqların fərqli olduğunu işğalçı ölkənin qulağına pıçıldamaqdadırlar.

Ermənilər düşünürdülər ki, 30 il bundan əvvəl başladıqları separatçılıq əməlləri daimi olaraq bəzi dairələrin dəstəyini qazanacaq, onlara beynəlxalq arenada söz deyən, işğalçı siyasətə görə irad bildirən kimsə olmayacaq. Əslində Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 “dişsiz” qətnaməsi işıq üzü görəndən sonra bu qənaətə gəlmişdi. Münaqişələrin həlli ilə bağlı çıxardığı qərarlarla və əməli işi ilə seçilən BMT-nin bu dəfə çox zəif görüntüsü İrəvanın işğalçılıq siyasətini artırmağa həvəsləndirmişdi. Regionda qüvvələr nisbətinin dəyişməsi üçün düz 30 il lazım imiş…

Və bu baş verdi. Ermənistanın uzun müddət həyata keçirdiyi təxribatlara Azərbaycan daha sərt reaksiya verməli oldu və 44 günlük müharibə ilə kimin haqlı, kimin işğalçı olduğunu ortaya qoydu. Həmişə ya KTMT-nin, ya da Qərbdəki dostlarının arxasında gizlənərək bizə dişini qıcayan hayların bədnam əməli bu dəfə işə yaramadı. Artıq dünya ölkələri də anlamağa başladılar ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə başlanmış ədalətsizlik digər münaqişələr üçün presedent halını alır, ikili standartlar əks reaksiya verir. Bir sözlə, Ermənistanın oyunları artıq özünün də işinə yaramır.

Hayastanın baş naziri mətbuat konfransında yaxın gələcəkdə hayların başına nələrin gələcəyinin anonsunu verdi və sadəcə, soydaşlarını xəbərdar etməklə işini bitmiş hesab etdi. Amma arada bir Azərbaycana dişini qıcamağı da unutmadı. Bildirdi ki, Qarabağda yeni eskalasiya riski var və qarşıdan gələn hadisələrə təsir imkanları demək olar ki, yoxdur. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri isə nəticəyə az təsir edəcək.

Paşinyanın mətbuat konfransı çox mətləblərin üstünü açdı, bəyanatların məğzini içəridən göstərdi. Ermənistanın baş nazirinin Rusiya prezidenti Vladimir Putinlə danışıqları və ikincinin mövqeyi barədə fikirləri də maraqlı idi. Konkret desək, Ermənistan lideri hələ də anlamaq istəmir ki, Rusiya və yaxud Rusiyanın rəhbərlik etdiyi KTMT hərbi bloku Azərbaycanla müharibə aparmaq niyyətində deyil. Ona görə yox ki, hərbi blok bunu bacarmır, yaxud gücü yoxdur. Sadəcə KTMT-nin Azərbaycanla müharibə aparması, yaxud Ermənistanı müdafiə etməsi üçün hərbi əməliyyatla dəstək verməsi üçün şərtlər mövcud deyil. Şərtlərdən ən birincisi isə müharibənin Ermənistan ərazisində aparılmasıdır ki, bu da baş verməyib. Azərbaycan erməni işğalçılarına qarşı hərbi əməliyyatları öz suveren ərazilərində aparıb. Daha doğrusu Azərbaycan antiterror əməliyyatı keçirib və həm də torpaqlarının terror yuvalarından təmizləyib. Ermənilər buna hansı adı qoysalar da reallıq budur ki, müharibə, antiterror əməliyyatı Azərbaycanın öz ərazisində baş verib əsasən bunun üla bağlı bəyanatı “burada erməni tərəfinin təqdim etdiyi vəziyyət bir qədər zamandan kənar görünür”.

İkinci Qarabağ müharibəsindən sonrakı bütün dövr ərzində Rusiya danışıqlarda əsas moderator və vasitəçi kimi çıxış edib. Ermənistan bir neçə dəfə bu platformadan kifayət qədər ardıcıl istifadə etməyib və yeni oyunçuları - Fransanı, Aİ-ni, amerikalıları danışıqlar prosesinə qoşub. Niyyəti də gedişatı dəyişmək olub. Çalışıb ki, platformanı dəyişdirsin və yeni şəraitdə Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatının müddəalarının icrasına görə məsuliyyətdən əl çəksin.
Son hadisələrdən sonra Ermənistan tərəfi anlamağa başlayıb ki, danışıqlar üçün hansısa addımlar atılmasa və tərəflər danışıqlar masasına qayıtmasalar vəziyyət gərginləşəcək, itirən isə yenə Hayastan olacaq. Zəif, məğlub Ermənistan çalışır ki, ikibaşlı (ermənilər buna "balanslı" siyasət deyirlər - müəllif) siyasət yürütsün, daha doğrusu həm Qərblə, həm də Rusiya ilə tərtib olunmuş oyunlarda baş rolun ifaçıları olsun, amma özü də bilir ki, buna imkanı yoxdur. Yenə də manipulyasiya testləri aparır, tərəfləri yenidən "dişinə vurur", onların təkliflərini götür-qoy edir. Unudur ki, sülh müqaviləsinə ayrılmış vaxt bitmək üzrədir. Azərbaycan irəli sürdüyü şərtlər yerinə yetirilməyəcəyi təqdirdə prosesdən imtina edə bilər ki, bu da Ermənistan üçün intihar olar.

Paşinyanın öz vaxtı da getdikcə daralır, ona qarşı həm cəmiyyətin, həm müxalifətin, həm də partiyasının təzyiqləri artmaqdadır. Hətta Paşinyanın devriləcəyi xəbəri də yayılıb. Ölkəsində rəqiblərinin zərərsizləşdirilməsində "uğur" əldə edən baş nazir bu əməliyyatları öz partiyasında da aparacağı təhlükəsini önləmək üçün "Vətəndaş Müqaviləsi" partiyasında çevrilişə, Paşinyanı devirməyə hazırlıqlar başlanıb. Paşinyanın yeni partiya yaradacağı barədə məlumatlardan sonra isə proses bir az da sürətlənib. Ruben Vardanyanın Qarabağdan qovulandan sonra İrəvandakı dostları ilə tez-tez əlaqə yaratması, onlarla ölkədəki vəziyyəti istişarə etməsi də baş nazirin "kürkünə birə salıb". Paşinyan Vardanyanın Hayastana kimin tərəfindən yönləndirildiyindən də xəbərdardır. Onun Rusiya, KTMT barədə son fikirləri də Vardanyanın tələm-tələsik İrəvana daşınmasına vəsilə olub.

Paşinyanın əvvəlcə "Qarabağ Respublikası" terminindən imtina barədə göstərişi, indi isə Zəngəzur dəhlizi boyunca uzanan yol kənarlarında, yaşayış məntəqələrində olan xaçkarların, xaç işarələrinin yığışdırılması barədə əmri Hayastanda aydın səmada ildırım effekti yaradıb. "Nə baş verir" deyə hər kəs sual verir. Necə ola bilər ki, indiyədək ermənilərin identifikasiyası sayılan, onların kimliyini deşifrə edən bu üsullardan imtina edilsin? Paşinyan niyə anti-erməni mövqeni seçsin ki? Yenə də diqqət şərqə - Azərbaycana yönəlir. Azərbaycan Ermənistanı doğru yola dəvət edir, manipulyasiyalardan, yalan tarixdən, saxta və "qədim" dövlətçilikdən və bütün yalanlardan imtina etməsini istəyir. Yolumuz isə Zəngəzurdan Naxçıvanadır...