“Həkimlərimizi tanıyın!” rubrikasında Zərifə Yusiflini təqdim edirik

15 Mart 2023 15:28 (UTC+04:00)

Sizə Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin rəisi, yüksəkixtisaslı uzman patomorfoloqu Zərifə Yusiflini təqdim edirik. SİA xəbər verir ki, dr.Zərifə Yusifli Mərkəzi Gömrük Hospitalında beyin şişləri, urolojik sistem, dəri xəstəliklərinin və törəmələrinin, sitologiya nümunələrinin, endokrin sistem, süd vəzi, ginekoloji sistem, sümük və yumşaq toxuma xəstəliklərinin patologiyalarının histologiyasını; bütün növ endoskopik/iynə biopsiyaları və cərrahi eksiziya materiallarının histolojik incələnməsini; geniş miqyasda histokimyəvi və immunohistokimyəvi boyamaların tətbiqi və dəyərləndirilməsini həyata keçirir.

Zərifə həkim 2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib, 2005-2006-cı illərdə Respublika Klinik Xəstəxanasında oftolmologiya ixtisası üzrə internatura keçib. O, təhsilini davam etdirərək 2011-2015-ci illərdə Türkiyənin Ankara şəhərində Hacettepe Universiteti Xəstəxanasında patomorfologiya ixtisası üzrə uzmanlıq təhsili alıb.

Türkiyə Ankara Hacettepe Universiteti Xəstəxanasının göndərişi ilə Zərifə həkim 2015-ci ildə 3 ay müddətində Amerika Birləşmiş Ştatlarının Atlanta Emory Universiteti Xəsatəxanasında elmi araşdırmaçı kimi fəaliyyət göstərib. O, daha sonra 2016-2017-ci illərdə Türkiyənin Ankara Haceteppe Universitetinin Patoloji Anabilim Dalı bölümündə molekular patologiya ixtisası üzrə təkmilləşdirmə kursu keçib. Dr.Zərifə Yusifli 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim patomorfoloq kimi fəaliyyət göstərib, 2020-ci ildən isə Patomorfoloji diaqnostika şöbəsinin rəisi kimi fəaliyyət göstərir.

Daim öz üzərində çalışan, öz sahəsi üzrə tibbin ən son yeniliklərini öyrənərək fəaliyyətində tətbiq edən Zərifə həkim müxtəlif illərdə ölkəmizdə və xaricdə keçirilən konfranslarda, seminarlarda və təkmilləşdirmə kurslarında iştirak etmişdir. O, 2014-cü ildə İngiltərənin London şəhərində XXVI Avropa Patoloji konqresində, 2015-ci ildə İtaliyanın Milan şəhərində XXXIX Avropa Sitoloji konqresində, 2018-ci ildə Türkiyənin Ankara şəhərində XXVIII Milli Patoloji konqresində, eyni ildə Türkiyənin İzmir şəhərində VIII Milli Sitopatoloji konqresində, 2019-cu ildə Fransanın Nitsa şəhərində XXXI Avropa Patoloji konqresində, 2022-ci ildə İsveçrənin Basel şəhərində keçirilən XXXIV Avropa Patoloji Konqresində və digər tədbirlərdə iştirak edib.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/zerife-yusifli/#