“Azərbaycan Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə Prezident seçilməsindən sonra Azərbaycan idman ölkəsinə çevrilməyə başladı”. Bu sözləri SİA-ya açıqlamasında “Səbail” futbol klubunun baş məşqçisi Şahin Diniyev bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq zaman-zaman ən yüksək səviyyədə ölkəmizdə yarışların eyni zamanda çempionatların keçirilməsi Azərbaycanı idman ölkəsinə çevirdi: “Hazırda Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu gündə artıq biz bunun davamını görürük. Hər hansısa bir ölkə beynəlxalq yarış təşkil etmək üçün dünya federasiyaları etibarlılıq baxımından razılaşmalıdırlar. Lakin Azərbaycan artıq bu etibarı qazanıb və bizim ölkəmiz beynəxalq yarışların yüksək səviyyədə keçirilməsi baxımından hər zaman seçilir.
Azərbaycanda hazırda da bir sıra beynəxalq yarışlar keçirilir. Bunlardan biri də "Formula 1" yarışıdır. Bu yarış üçün Azərbaycana gələn turistlər eyni zamanda idmançılar gedərkən ölkəmizdən xoş təəssüratlarla ayrılırlar. Bunun nəticəsi olaraq onlar yenidən bizim ölkəmizə səfər etmək istəyirlər. Çünki onların özünə də bizim ölkəmizin mədəniyyəti, mətbəxi eyni zamanda da tarixi maraqlıdır. Bütün bunlar Azərbaycana əlavə dividentlər qazandırır. Təbii ki, bu səbəbdən beynəxalq yarışların təşkili ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir”.