Qapısız həyətlər və ya qıfılsız qapılar... KÖŞƏ

15 Mart 2023 13:51 (UTC+04:00)

Rayondan şəhərə gələnlər uşaqlığı kimi xatirələrini də kənddə qoyub gəlməyiblərsə, nə dediyimi anlayarlar. İlaxır çərşənbədən, bayram axşamı evlərə atılan torbalardan, minilliklərə sığan, lakin hazırda yoxa çıxmaqda olan adət-ənənələrimizin nisgilindən söhbət açmaq istəyirəm.

Düzdür, ölkəmizin ayrı-ayrı regionlarında torbaatma mərasimi tək İlaxır çərşənbədə deyil, həm də Novruz bayramı axşamı da keçirilir, lakin fərq etməz. Söhbət onun vaxtından getmir, qapısız həyətlərdən, qıfılsız qapılardan, bir də ki, qıfıllı, heç açılmayan qapılardan, döyülməsinə, zəngin vurulmasına əhəmiyyət verməyən insanlardan gedir.

Vaxt var idi, kəndlərimizdə evlərimizin nə hasarı vardı, nə də hasar qapısı. Kəndarası yolların o başından-bu başından kimlərinsə evlərinə gedən sadəcə bir çığır vardı. İndiki daş hasarları isə məftil “hasarlar” əvəz edirdi, qapılar da taxta çərçivə içərisinə çəkilən məftildən ibarət idi. Bu qapılar nə qıfıl tanıyardı, nə də ki, kilid. Evlərin qapısı isə yada düşəndən-düşənə, gecələr qıfıllanardı.

Bayram axşamlarını səbirsizliklə gözləyərdik. Gözləyərdik ki, İlaxır çərşənbə yetişsin, tonqal yandıraq, qapı pusaq, qulaq falına çıxaq, bir də qapılara bayram sovqatı almaq üçün torba ataq. Bu Novruzdan o Novruzadək bu arzularla yaşayardıq. Elə ki, İlaxır çərşənbə yetişdi, axşamüstü qızlı-oğlanlı yığışıb bu mərasimləri keçirməyə başlayardıq.

Dünən İlaxır çərşənbə idi. Qoxusu, istisi gəlməyən tonqallar, döyülməyən və döyüləndə də açılmayan qapılar fonunda bir daha o günlərə qayıtdım. Bu gün azacıq da olsa, yaşadılan ənənələrimizin ünvanına-kəndlərimizə. İlaxır çərşənbəyə bir həftə qalmış müxtəlif parçalardan (yəni əlimizə nə düşərdisə) tikdiyimiz torbaları xatırladım. Heç bir maneəsiz, elə kilidi də məftil olan qapıları asanca aralayıb həyətlərə girməyimizi, qapını döyüb, sonra açıb torba atmağımızı, ildırım sürəti ilə qaçıb bir tərəfdə gizləndiyimizi, gözlərimizi qapıya dikib ev sahibinin torbamızı doldurub qapıya qoymasını və bizi səsləməsini gözlədiyimizi xatırladım.

Bir azdan ev sahibinin səsi eşidilirdi: ay bala, gəl, apar. Gözləyirdik ki, qapını örtüb evə girsin, gedib torbamızı götürək.. Beləliklə, torbanı götürərdik, onu özümüzlə gəzdirdiyimiz çantaya boşaldıb, növbəti qapılara atardıq. Bir saat içində böyük bir çanta ilə bir bayram sovqatı toplayardıq. Sonra uşaqlarla öz məhəlləmizə qayıdar, bir yerdə əyləşər, çanta və torbaları ortaya tökər və şirin-şirin yeməyə başlardıq. Bəzən isə birbaşa evə aparıb, masanın üzərinə tökər, sovqatımızı çeşidlərdik.

Hanı o günlər?.. Bal kimi şirin uşaqlıq, yeniyetmə və gənclik illəri. Gənc dedikdə bəlkə də sual yaranar ki, gənclər də torba atmağa çıxırdılar məgər. Yadımdadır, universitetdə oxuyurdum, hələ də məhəlləmizin gənc oğlan və qızları ilə torba atmağa yollanırdıq.

İndi uşaqlarımızı evlərə-dörd divarın arasına “həbs” etmişik. Lakin çox halda onlar bu “həbsxana” divarlarını yarıb elə bir qaçış edə bilirlər ki, özümüz də inana bilmirik ki, bunlar bizim övladımızdır? Həyatımıza daxil olan elektron həyat bütün adət-ənənələrimizi qurudub, yüksək elektrik cərəyanı ilə məhv edib. İndi hanı o uşaqlar, o yeniyetmə və gənclər ki, İlaxır çərşənbədə və ya Novruz bayramı axşamı torba atmağa yollanırlar? Yox, onların hər birini əlindəkı telefon bizim dünyamızdan çox-çox uzaqlara aparıb. Kimsə valideynlərinin xatirələrindən həvəslənərək adətlərimizə qayıtmaq istəyirsə, onun üzünə də qapılar bağlı olur. İndi torba atmaq üçün neçə-neçə qapılardan keçməlisən. Hasar qapısı, ev qapısı... Onlar da açıqla, ya açılmaya.

Budəfəki İlaxır çərşənbədə hər kəs yaxşı xatırlayır, qapısı neçə dəfə döyüldü və o, neçə dəfə qapını açmaqdan vaz keçdi. Edənlər yaxşı bilir torba atanların “zəhləsini tökməməsi” üçün axşamçağından darvaza qapısının kilidini bağladığını, evinin də qapısını qıfılladığını. Bağlı qapıları açanlar da bilir bu İlaxır çərşənbə nə qədər qonağı oldu, döyülən, zəngi vurulan qapıların sahibləri də bildi qapı üzünə açılmayan qonaqların sayını...

Bəli, bir İlaxır çərşənbə də geridə qaldı. Ondan qalan isə yenə də xatirələrdir. Əvvəlki İlaxır çərşənbələrdəki xatirələrdən fərqli xatirələr, onlara heç oxşamayan xatirələr. Adət-ənənələrimizə balta çalan xatirələr. Onların yavaş-yavaş məhv olmasının siqnalını verən xatirələr...

Hara gedirik bu gedişlə görəsən? Özümüz açıb özümüz bağladığımız bu qapılar nəyə yarar görəsən? Başımızı aşağı salıb smartfonlarda axtardığımız həyat əsl həyatımızı əlimizdən alıb. Və bizə elə bir zülm edib ki, ta başımızı da yuxarı qaldıra bilmirik. Başıaşağı telefonlarda hey axtarırıq. Nə axtardığımızı bilmədən axtarırıq. Tapdıqlarımızla da qənaətlənmirik. Tapdıqca yeni axtarışlara çıxırıq...

Heyif, o gözəl adətlərimizdən. Heyif, o açıq qapılardan ki, döymədən, zəngini vurmadan qonşulara gedib-gəlirdik, deyib-gülürdük. Adətlərimizi yaşadırdıq, mərasimlər keçirirdik, bayramlaşırdıq. Heyif. Çox heyif ki, o açıq qapılar indi elə möhkəm qıfıllanıb ki, nəinki qonşunun evinə, heç həyətinə belə keçə bilməzsən.. Çox heyif. Bir də çox təəssüf...

Mətanət Məmmədova