Hər bir uşaq ailəsi ilə xoşbəxt həyat yaşamaq istəyər. Hər evlilik də şansa layiqdir. Ancaq bütün cəhdlərə baxmayaraq birlikdə olmaq mümkün deyilsə, bu barədə düşünmək lazımdır. Ər-arvad münasibəti olmayan, lakin birlikdə yaşamağa davam edən ailələrin uşaqları psixoloji sarsıntı yaşayırlar. Uşaq üçün evli qalmaq ailədəki problemi həll etmir. Uşaqların boşanmalara reaksiyasının əsas səbəbi valideynlərindən ayrılmaq istəməmələridir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.
Cütlüklər razılaşa bilməyəcəklərinə əmin olduqda, birlikdə qalmağın çətin və yorucu olduğuna qərar verdikdə yollarını ayırırlar. Ailədə ortaq uşaqların olması cütlərin boşanma qərarına və boşanma prosesinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Uşaqlar üçün ən vacib amil sevgi dolu ailədə böyüməkdir.

Günümüzdə bir çox qadınlar qadın olduqlarını anlamırlar. Lakin hələ də uşaq xatirinə evliliklərini sonlandırmırlar. Unutmayaq ki, tükənmiş və ruhsuz ananın da uşağa heç bir faydası ola bilməz. Uşaqlar, yaşlarından asılı olmayaraq, davam edən mənfi evliliklərdə daim yara alırlar. Valideynlər bunu onlara hiss etdirsələr də, etməsələr də, uşaqlar hər şeyi hiss edir.
Təbii ki, uşaqlar valideynlərinin boşanmasını istəmirlər. Lakin əslində onların istəmədikləri şey valideynlərindən ayrılmaqdır. Onları bir daha görməmək, çox darıxmaq kimi narahatlıqlar üzündən boşanma variantından qorxurlar. Boşandıqdan sonra uşaqların valideynləri ilə ünsiyyəti sağlam şəkildə təşkil olunarsa, valideyn olmaq vəzifə və məsuliyyətləri pozulmazsa, uşaqlar çox qısa müddətdə bu yeni vəziyyətə uyğunlaşacaqlar.

Uşaqlar valideynlərinin bədbəxt, narahat və gücsüz olmasını istəmirlər. Bu səbəbdən prosesi yaxşı idarə etmək üçün insanlar öz xoşbəxtliyini ön planda tutmalıdırlar.
Bəzi cütlüklər ayrılığa alışma prosesində səbəb kimi uşaqları göstərərək uşaqları ilə bir araya gəlmək planları qura bilərlər. Bəzən boşansa da, “Həftədə bir dəfə birlikdə yemək yeyirik”, “Uşaqlara görə görüşürük”, “Uşaqların vəziyyətdən mənfi təsirlənməməsini istəyirik” deyən cütlüklərə rast gəlirik. Bu, bir çoxları üçün bəhanədir. Valideynlərinin müntəzəm olaraq bir araya gəldiyinin şahidi olan uşaqlar üçün vəziyyət olduqca qarışıq ola bilər. Bu da valideynlərinin yenidən bir araya gəlib yenidən evlənə biləcəklərinə inanmasına səbəb ola bilər.

Əvvəla, ər-arvadın bir-birinə sevgisi və hörməti olmadığı, əslində artıq iki yad adama çevrildiyi nikahlarda daimi gərginlik yaşanır. Evdə daim dava-dalaş, inciklik, qışqırıq, zorakılıq olur. Belə bir evdə böyüyən uşaqlar ömürlük onları izləyəcək travmalarla həyata atılacaqlar.
Ən əsası, uşaqlar bir çox cəhətdən valideynlərini nümunə götürürlər. Bu səbəbdən evdə əks cinsdən olan valideynlər arasında heç bir sevgi nümayişi görə bilməyən uşaq gələcəkdə əks cinsə necə sevgi göstərəcəyini bilmir. Bu, yanlış həyat yoldaşı seçiminə və daha çox mənfiliklərə səbəb olur.

Adətən boşanmaq istəyən, lakin boşanmayan cütlüklərin təklif etdiyi bir neçə əsas səbəb var. Bunlardan birincisi "İnsanlar nə deyir?" Düşüncəsidir. Yaxud da “Boşansam uşağıma xor baxarlar” düşüncəsi var. İnsanların övladınızın psixi sağlamlığından daha vacib hesab etdiyi şeylər varsa, təəssüf ki, bununla bağlı heç bir şərhim yoxdur. Əmin olun ki, mənfi ev mühiti bunlardan daha çox uşağınıza zərər verəcək.
Bunun üçün həm vəkildən, həm də psixoloqdan dəstək ala bilərsiniz. Xüsusilə də uşaqlarla uyğun dildə danışmaq, onların fikirlərini öyrənmək lazımdır. Məcburi hər şey uşaqlara əks təsir göstərir.

Digər səbəb isə qadının kifayət qədər maddi gücü olmadığı üçün boşanmağa cəsarət etməməsidir. Uşaqlarım üçün yaxşı imkanlar yarada bilməmək qorxusu. Bu təbii qorxudur, amma qanun sayəsində aliment və s. bu vəziyyəti aradan qaldıra bilərsiniz. Boşanma hüquqşünasına müraciət etməyiniz xüsusilə vacibdir.
Unutmayın ki, uşaqlarınıza problemlərlə dolu evdə keçirdiyi hər gün bir az daha təsir edir. Boşanmamaq üçün təklif etdiyiniz bəhanələr uşaqlarınıza stress, narahatlıq və bir çox ruhi xəstəliklər olaraq geri dönür. Boşanmanın uşaqlarınıza təsir etməyəcəyini demirəm, amma ən azından onun mənfi təsirlərini azaltmağın yolları var.
Əgər hələ də evliliyinizə ümid edirsinizsə, bir mütəxəssislə cütlük terapiyasına müraciət edə bilərsiniz. Artıq ümidiniz yoxdursa, boşanma prosesini sizə və övladlarınıza ən az zərərlə keçmək üçün psixoloqdan kömək almaq çox vacibdir. Unutmayın ki, hər həll olunmamış problem sizə və övladlarınıza qayıdır.

Psixoloq Leyla Əli: “Boşanmaq haqqında düşünmək ən az boşanma qərarını almaq, boşanmaq qədər çətindir. İnsan ağlına düşən bu fikir onu mənəvi cəhətdən çox sarsıdır. Qərar verməkdə çətinlik çəkən insanlar bəzən bəhanə, bəzən isə əsl səbəb olaraq övladlarını misal gətirirlər. Boşanmaq haqqında düşünən şəxs "uşaqlara görə boşanmıram", uşağa "sənə görə dözürəm",- deyərək içindəki qərarsız səsi susdurmağa, içində olduğu, çıxmağa cəsarət edə bilmədiyi vəziyyəti günahsız, ona qarşı çıxa bilməyəcək birinə- övladına yükləyərək özünü haqlı çıxarmağa çalışır. Uşağın psixologiyasında dərin iz qoyacaq, ona özünü günahkar hiss etdirəcək bu ifadələr uşağın travma almasına səbəb olur. Gələcəkdə ailəsi ilə bağlı olmayan məsələlərdə, hətta, günahkar olmasının imkansız olduğu məsələlərdə belə bütün günahı öz üzərinə alır və mənəvi əziyyət çəkir.
Araşdırmalar göstərir ki, çox vaxt anaların boşanmaq istədiyi halda boşanmama səbəbi onların maddi vəziyyəti ilə bağlı olur. Uşağına baxa bilməyəcəyini düşünən ana həm özünü, həm də övladını xoşbəxt olmayan bir ailədə əsir edir. Hər tərəfin daha çox yaralanmasına səbəb olan bu "dözüm" sonda ailənin hər bir fərdinin həyatında travmatik izlər qoyur.
Nəzərə almalısınız ki, mənəvi ac olan ailədə böyüyən uşaq, maddi çətinliklə böyüyən uşaqdan daha çox əziyyət çəkir. Bu məsələləri övlad sahibi olmadan əvvəl ciddi düşünməli, bir gün yollarınızı ayırmalı olsanız övladınıza tək baxa bilmə gücündə olub-olmadığınızı bilməlisiniz. Övladınız sizin günah yükləyəcəyiniz obyekt deyil, onu seçə bilmədiyi həyatın günahkarına çevirməyin. Ən əsası xoşbəxt olduğunuz günlərdə maddi və mənəvi öz ayaqlarınız üzərində durmağı öyrənməlisiniz ki, yaşana biləcək bir ayrılıq zamanı ailədən geriyə qalan ən dəyərli varlığı- övladınızı bu prosesdən maksimum az yaralanmış vəziyyətdə xilas edə biləsiniz”.
Ayşən Vəli