“Vətəndaşlar labarator analiz nəticələrini mobil tətbiq vasitəsilə izləyə biləcəklər” - ŞÖBƏ MÜDİRİ DANIŞDI

15 Mart 2023 11:39 (UTC+04:00)

“Məlum olduğu kimi “e-Tabib” mobil tətbiqi yenilənib, tətbiqə bir çox funksionallıqlar əlavə olunub. Əvvəlki versiyada tətbiq yalnız covid-19 infeksiyası ilə bağlı funksionallıqlardan ibarət idi”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar şöbəsinin müdiri Nicat Kərimov bildirib.

Onun sözlərinə görə, tətbiqin yenilənmiş versiyasında isə artıq vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diaqnozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər: “Eyni zamanda vətəndaşlar tibb müəssisələrinə olan müraciətlərini mobil tətbiq vasitəsilə qiymətləndirə biləcəklər. Bu proses özündə bir çox müsbət cəhətləri birləşdirir. Vətəndaşlar tibb müəssisələrində labarator analizi verdikdən sonra nəticələrini mobil tətbiq vasitəsilə izləyə biləcəklər. Ümumilikdə isə tətbiqin fuksionallıqları çoxdur”.