Ermənistan nə istəyir? - BAXIŞ BUCAĞI

14 Mart 2023 15:45 (UTC+04:00)

Ermənistan-Azərbaycan münasibətləri, Qarabağda baş verən 30 illik hadisələr barədə danışarkən tarixə nəzər salmamaq olmur. Son 30 ilin təmaslarında, danışıqlarda, brifinq və mətbuat konfranslarında, beynəlxalq tribunalardan aparılan müzakirələrdə yalnız bir mövzu üstünlük təşkil edib, Qarabağdakı ermənilərin taleyi, onların “öz müqəddəratını təyinetmə” hüququ, müstəqil dövlət kimi tanınmaları. Və bütün bunları da Azərbaycan tərəfindən haqsız yerə, ədalətsizcəsinə, qanunsuz olaraq, heç bir əsas olmadan tələb ediblər. Hər dəfə istəkləri bir nəticə verməyəndə prosesi uzatmağa, danışıqları ertələməyə, Ermənistanı görüşlərdən yayındırmaqla vaxt qazanıblar, düz 30 il...

Bu illər ərzində Azərbaycan və azərbaycanlıların başına hansı müsibətlər gəlib? Müstəqillik əldə etməzdən 3 il qabaq Azərbaycana qarşı səlib yürüşü başladılıb. Bəli, səhv eşitmədiniz, səlib yürüşü. Məqsəd Azərbaycanın yeraltı və yerüstü sərvətlərini ələ keçirmək olub. Təbii zənginliyinə ölkəmizin coğrafi mövqeyi də iştahverici faktor kimi əlavə edilib. Şimal-cənub, şərq-qərb marşrutlarının kəsişmə nöqtəsində duran Azərbaycana məhz bu səbəbdən diş qıcayanlar çox olub. Ermənistanla müharibəni qızışdırmaqda Rusiya tərəfinin bir məqsədi olubsa, Qərbin də digər niyyəti olub. Əgər Rusiya postsovet məkanını özünün təsir dairəsində saxlamaq üçün süni şəkildə yaradılan münaqişə ocaqlarından istifadə etməyi planlaşdırıbsa, Qərb bu münaqişədən yalnız gələcəkdə imzalanacaq neft-qaz və digər iqtisadi müqavilələrdə üstünlük əldə etmək fürsəti güdüb.

Və ən əsası isə...

Bəli, Qərb dünyasının əsas hədəfi isə min ildir yürüdülən səlibçiliyin Türk diyarlarında davam etdirilməsidir. Bəzilərinə bu faktor absurd görünə bilər, amma inkar etmək də mümkün deyil, çünki səlib yürüşləri hələ də dayandırılmayıb. Səlcuqlar zamanında qılıncla aparılan yürüşlər top-tüfənglə davam etdirilsə də, bu gün dərin siyasətlə aparılır. Milli maraqların əlehinə olan müqavilələrin süni münaqişə və ədalətsiz müharibələr, daxili çaxnaşma və inqilablar, tənəzzül və sıxıntıların baş verməsindən sonra tərəddüd edilmədən imzalanması həmin siyasətin tərkib hissəsidir. Bu gün qılıncın kəsə bilmədiyini söz kəsir, topun deşə bilmədiyi qalaları siyasət bir andaca vurub dağıdır.

Qərb Ermənistan üzərindən Türk dünyasının qiymətli incisi olan Azərbaycana qarşı səlib yürüşünü davam etdirir. Bəzən hər birimiz “ermənilər kimdir ki” deyə düşünürük. Əlbəttə, heç kim, amma bir ata misalını da unutmayaq, “iti yiyəsinə görə tanıyarlar”, yaxud “it yatır qaya kölgəsində, elə bilir öz kölgəsidir”. Ermənistan da yatıb səlibçilərin kölgəsində. Əgər bu, belə olmasaydı 30 il Azərbaycan torpaqlarını işğalda, milli-mədəni, dini abidələrini əsarətdə, insanlarını əsirlikdə-girovda saxlayan, torpaqlarını şum-pərşum edən, daş üstə daş qoymayan bir işğalçı dövlər bu qədər himayə edilməzdi. Harada görünüb, yaxud eşidilib ki, bir ölkə digərinin halal torpaqlarını, suveren ərazilərini işğal etsin, dünyanın sayılıb-seçilən güclərinin də imzası ilə ən böyük və ən nüfuzlu beynəlxalq qurum –BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etsin, amma işğalçı geriyə addım atmasın, başqa sözlə desək, donuz darıdan çıxmasın. Əgər dünya bizim təsəvvür etdiyimiz kimi, qəbul edilmiş bütün norma və prinsiplərə, qaydalara uyğun idarə olunsaydı onda İraqa qarşı koalisiya qüvvələrinin apardığı hərbi əməliyyatla bənzən bir oyun da Ermənistanın başına açılmalı idi. Bu gözləntilərin özünü doğrultmamalarının səbəbini də yenə neo-səlibçilərdə axtarmaq lazımdır.

Bu günün hərbi-siyasi mənzərəsi belədir ki, Ermənistanın, dünya ermənilərinin və ermənilərin arxasında duranların 44 günlük müharibədə məğlubiyyətindən sonra vəziyyət xeyli dəyişib. Azərbaycan 200 illik tarixi ərzində itirdiklərinin bir qismini geri aldı, haqqına düşənin bir hissəsini əldə etdi, əvəzində səlibçilər 1000 illik “uğurlu” yürüşlərində ilk dəfə ağır məğlubiyyət acısı yaşadılar. BMT TŞ-də qəbul edilən 4 qətnamədə yazılanları, tələbləri Azərbaycan öz gücü, resursları, daxili imkanları sayəsində həyata keçirdi. Halbuki, dünyaya demokratiya harayı salanların bircə hərəkəti ilə Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilə və səlibçiləri də indiki zor durumda buraxmazdı. Amma nə İrəvanın başına ağıl qoyan, nə də reallığı dərk edən tapıldı...

Bu gün məğlub Ermənistan ona uzanan sülh əlini sıxmaqda həvəsli görünmür. Ümidini ikinci şansa saxlamaq istəyir. Amma bu istəyin məntiqi nəticəyə varacağını hesablaya bilmədiyi üçün ehtiyatlı davranmağa çalışır. Azərbaycanın səbrinin sonsuz olmadığı kimi, sülh müqaviləsini imzalaması üçün Ermənistana yalvaracağını da gözləmək sadəcə sadəlöhvlükdür. Müharibənin sonunu gətirdiyi kimi, Bakı sülhün bitdiyi yeri də dəqiq bilir. Ermənistana ünvanlanmış sülh təklifinin 5 baza prinsipindən ibarət olduğu hər kəs bilir. Onu da bilirlər ki, Azərbaycan bu prinsipləri beynəlxalq standartlara uyğun hazırlayıb və burada inkar ediləcək heç bir maddə yoxdur. Ermənistan isə işğalçılıq xislətindən qurtula bilmədiyi üçün hələ də tərəddüd içərisindədir. “Bəlkə də qaytardılar” prinsipi ilə yeni müharibənin alovlanacağı günü gözləyir.

İrəvanın müharibə taktikası belədir, vur, qaç və başqasının arxasında gizlən, sonra da başqasını günahkar çıxart. 44 günük müharibədə Azərbaycanı hətta halal puluna əldə etdiyi silahlara görə ittiham edən Ermənistan Rusiyanı onlara lazımi qədər yardım göstərməməkdə günahlandırırdı. Ermənilərin iştahası bu idi ki, Rus ordusu Qarabağda onların əvəzindən Azərbaycana qarşı döyüşsün.

Ermənistan “nə əldən qoyur, nə yardan doyur” prinsipi ilə yaşamaqdadır. Ermənistanın baş naziri Paşinyan söz verdiyi mətbuat konfransını keçirib və Azərbaycandan alınan təkliflərin müzakirə edilərək cavablandırıldığını bildirib. Detallarına varmadan nəticələrdən ermənilərin razı qalacağını qeyd edib. Ermənistan hakimiyyəti Paşinyanın timsalında, bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini deyir, amma öz şərtlərini də o sənədə əlavə edir ki, bu da əslində sülhü pozmaq anlamına gəlir. Qarabağ Azərbaycan ərazisidir və burada baş verənlər də Azərbaycanın daxili işidir. Ermənistan bir tərəfdən Qarabağı ərazi problemi, danışıqlarda da predmet olmadığını deyir, əksinə bunun bir hüquq məsələsi olduğunu bildirir, sülh sənədində isə Qarabağdan, burada yaşayan ermənilərin taleyi, bir az da dərinə gedərək həmin ermənilərin “öz müqəddaratını təyinetmə” hüququna malik olmalarını önə çəkir. Gpörünən budur ki, erməni hakimiyyəti yenə ikibaşlı oyun oynayır. Digər tərəfdən isə...
Ermənistanın baş naziri hesab edir ki, dünya birliyi yeni müharibə təhlükəsinin yüksək dərəcəsini aradan qaldırmalıdır. Nikol Paşinyan bildirib ki, yeni böyük eskalasiya ehtimalı var. Mətbuat konfransında o qeyd edib ki, Azərbaycan hərbi ritorikasını və siyasətini davam etdirir. “İndi həm Ermənistan sərhədində, həm də Qarabağda gərginliyin eskalasiya ehtimalı çox yüksəkdir. Bakının getdikcə daha aqressiv ritorikası buna dəlalət edir və bəzi başqa məlumatlar da var”, - baş nazir bildirib.

Hökumət başçısı vurğulayıb ki, indiki vəziyyətdə təcavüzkar hərəkətlərin təşəbbüskarı Ermənistan deyil. Məhz bu səbəbdən Ermənistan Avropa İttifaqından müşahidəçilərin dəvət edilməsinə razılıq verib. Üstəlik, o, hələ 2022-ci ilin oktyabrında Praqada keçirilən görüşdə Ermənistan-Azərbaycan sərhədinin hər iki tərəfində müşahidəçilərin yerləşdirilməsi ilə bağlı ilkin razılığın olduğunu bildirib. Azərbaycan tərəfi isə bu fikirlə razılaşmayıb. Paşinyan əlavə edib ki, Laçın yolunda “blokada və Qarabağda etnik təmizləmə təhlükəsi” aradan qalxmayana qədər Ermənistan rəhbərliyinin mövqeyi dəyişməz olaraq qalır. Paşinyan hətta Laçın yoluna beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsini istəyib.

Bununla yanaşı Ermənistan hökumətinin başçısı qeyd edib ki, danışıqlar prosesində müəyyən irəliləyiş var, lakin fundamental problemlər üzə çıxır. Baş nazir deyib ki, ictimai platformalarda, sosial şəbəkələrdə tez-tez Ermənistan hökumətinin hansısa sənədə imza atmağa hazırlaşdığı deyilir. “Hansısa sənəd imzalansa, bu, sənədin imzalanmasında irəliləyişin qeydə alındığı anlamına gələcək”, - Paşinyan bildirib.

Bəli, Ermənistan sülhə can atan tərəf təsiri bağışlamır. Məğlubiyyətdən o tərəfə yoxdur, prinsipi ilə hərəkət edən ermənilər sülhdən qazanclı çıxmağın mümkünsüz olduğunu anlasalar da hələ də özlərini Qarabağ adlı ağır yükün altında inlətməkdə davam edirlər. Nə vaxta qədər? “Böyük Ermənistan” yalanını onlara sırıyan səlibliçər bu gün ermənilər üzərindən daha çirkin əməllərini planlaşdırmaqdadırlar. Ermənilərin ara-sıra ağıllananları kənar qüvvələrin “hay”lardan hansı məqsədlər üçün istifadə etdikləri barədə çıxışlar edin onları ayıltmağa cəhd etsələr də erməni xisləti, erməni xəstəliyi antibiotikləri yaxına buraxmaq istəmir. Sonu bəlli olan və ermənilərin zərərinə olan bu addımlardan sonra məntiqi bir sual yaranır, bəs ermənilər nə istəyir?

V.VƏLİYEV