“Qoşulmama Hərəkatı ötən əsrin 60-cı illərində heç bir bloka qoşulmayaraq dünyada sülhün və əmin-amanlığın qurulmasını arzulayan bir qrup dövlət tərəfindən yaradılıb. Tədricən bu Hərəkata qoşulmaq istəyən ölkələrin sayı artdı. Hal-hazırda 120 ölkə bu Hərəkatın üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildən üzv olsa da, ilk günlərdən Hərəkat daxilində fəallığa başladı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, qısa zamandan sonra 2019-cu ildə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana verildi: “Azərbaycan bu Hərəkatın fəaliyyətini canlandıra bildi. Bəşəriyyət üçün çətin olan koronavirus pandemiyası dövründə Qoşulmama Hərəkatı üzv olan ölkələrin hamısının virus əleyhinə tibbi ləvazimatlar və peyvəndlərlə təmin olunması üçün böyük işlər gördü. Bu işin koordinatorluğunu Azərbaycan etdi. Azərbaycan yeganə ölkədir ki, onun sədrliyi iki il dalbadal artırıldı. Hazırda sədrlik müddətinə görə Misirdən sonra 2-ci yerə sahibdir”.
Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycanın sədrliyi dövründə vaxtaşırı həm canlı, həm onlayn sammitlər, BMT-nin baş məclisinin xüsusi iclası keçirildi: “Bakıdakı sammitdə ilk növbədə Hərəkat üzvlərinin fəaliyyətinin gücləndirilməsi, çətinlikdə olan ölkələrə kömək göstərilməsi, onların problemlərinin dünya birliyində səsləndirilməsi kimi məsələlər qaldırıldı. Eyni zamanda, dövlət quruculuğunda Azərbaycan təcrübəsi Hərəkata üzv olan ölkələr üçün böyük maraq doğurdu. Bu sammit dünya mətbuatında da geniş şəkildə işıqlandırıldı. Hesab edirəm ki, yenidən bir il müddətinə sədrliyin həvalə edilməsi Azərbaycanın fəaliyyətinə, cənab Prezident İlham Əliyevin siyasətinə verilən qiymətdir.
Hərəkata sədrlik Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına səbəb oldu. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artdı və ölkəmizlə bağlı həqiqətlər dünyada daha geniş yayılmağa başladı”.