"Prezidentin çıxışı regional və dünya çapında böyük əhəmiyyət daşıyırdı" - DEPUTAT DANIŞDI

13 Mart 2023 11:51 (UTC+04:00)

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu 60 ölkədən 350 nəfər iştirakı ilə baş tutdu. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var idi. Forumda Azərbaycan Respublikasının dövlət rəhbəri cənab Prezident İlham Əliyevin çıxışı bir çox məqamlarla regional və dünya çapında böyük əhəmiyyət daşıyırdı. Cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatı haqqında danışarkən çox haqlı olaraq bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu qurumu canlandırmağa çalışdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu məqsədlə beynəlxalq tədbirlər, o cümlədən üç Zirvə toplantısı təşkil edildi: “Azərbaycan COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı oldu. Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr edildi. Azərbaycan peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsini ucaltdı. Qoşulmama Hərəkatının institusional inkişafını təmin etmək məqsədiylə bu hərəkatın 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı 30 illik mübarizədən və 44 günlük müharibədən söz edən Prezident İlham Əliyev bildirdi ki, münaqişələrin həlli iki cür olur – dinc və qeyri-dinc həlli yolu. Biz, baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdu, işğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdi, biz yenə də Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi.1992-ci ildə münaqişənin həlli üçün təsis edilən ATƏT Minsk qrupu əfsuslar olsun ki, 28 il ərzində heç bir nəticəyə nail olmadı. Bu illər ərzində erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Nəticədə Azərbaycan güc tətbiq etdi və öz ərazilərini azad etdi. Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət, soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq.

Çıxışında hazırki postmüharibə dövründın söz edən Prezident İlham Əliyev dedi ki, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik.

Bəli, Azərvaycan sülh istəyir. Biz hər hansı digər müharibə istəmirik. Prezident İlham Əliyevin geniş çıxışında səsləndirdiyi bu əhəmiyyətli mülahizələr Azərbaycanın öz mövqeyini bütün dünyaya bu dəfə Forum tribunasından bir daha açıqladığı növbəti qətiyyətli mesaj idi”.