“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR

11 Mart 2023 12:59 (UTC+04:00)

Martın 11-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının kollektivi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, Maliyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəhbərliyinin də iştirakı ilə Binəqədi rayonunun Xocəsən qəsəbəsində ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı yüzlərlə ağac əkilib. Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində genişmiqyaslı və ardıcıl tədbirlər görülür, xüsusilə, Bakı şəhərinin “ağciyəri” sayılan yaşıl guşələrin dairəsi genişləndirilir, müasir parklar, yeni yaşıllıq zolaqları salınır, ekoloji siyasət uğurla həyata keçirilir. Maliyyə Nazirliyinin kollektivi də könüllü olaraq ağacəkmə kampaniyasında fəal iştirak edir və belə tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.